SİYASƏT
“Azərbaycan – Çin əlaqələri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 24 (AZƏRTAC). Avqustun 26-da Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Araşdırma İnstitutu tərəfindən “Azərbaycan – Çin əlaqələri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) AZƏRTAC-a bildirmişlər ki, konfransda ölkəmizi qurumun nümayəndə heyəti təmsil edəcəkdir. Nümayəndə heyətinə SAM-ın direktoru Fərhad Məmmədov, xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov və media xidmətinin rəhbəri Mehriban Həsənova daxildirlər.
Konfransda SAM tərəfindən Çin dilində nəşr edilmiş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri (2003-2013)” adlı kitabın təqdimatı nəzərdə tutulmuşdur.
Qeyd edək ki, SAM-ın nümayəndə heyəti bu ilin yanvarında Çin Xalq Respublikasına səfər etmişdir. Səfər çərçivəsində azərbaycanlı mütəxəssislər Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırma İnstitutunda və bu ölkənin Müasir Beynəlxalq Münasibətlər Akademiyasında olmuş, strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və mütəxəssisləri ilə görüşmüşlər.
Görüşlərdə Azərbaycan və Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, regional məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmış, dərin tarixi köklərə söykənən əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində potensial imkanlar müzakirə edilmişdir.
Səfər çərçivəsində, həmçinin SAM və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanmışdır.