SİYASƏT
Azərbaycan ABŞ vətəndaşları üçün viza alınması prosesini asanlaşdırır
Bakı, 23 iyun (AZƏRTAC). Azərbaycana səfər etmək üçün viza almaq istəyən ABŞ vətəndaşları bu məqsədlə artıq onlayn qaydada da müraciət edə bilərlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyi vizanın alınması üçün ərizələrin verilməsi qaydalarını asanlaşdırmışdır. Bundan sonra Azərbaycana getmək üçün viza almaq məqsədi ilə ABŞ vətəndaşları “Travisa Outsourcing” sistemi vasitəsilə onlayn qaydada müraciət edə bilərlər. Bu yenilik vizalara artan tələbatın ödənilməsi, rahatlığın təmin olunması və prosesin operativliyinin izlənilməsi üçün nəzərdə tutulmuşdur.
Vizanın alınması prosesi isə bütün zəruri sənədlər təqdim olunan gündən etibarən cəmi 10 iş günü çəkəcəkdir.
Bununla yanaşı, iyunun 25-dən ABŞ vətəndaşları üçün Azərbaycana fərdi, biznes və turizm vizalarının alınması rüsumu 160 dollar, tranzit vizası isə 20 dollar məbləğində olacaqdır.
Xatırladaq ki, diplomatik və xidməti pasportlara sahib olan ABŞ vətəndaşları vizanın alınması üçün Azərbaycanın Konsulluq Xidmətinə müraciət etməlidirlər.