AZƏRBAYCAN AYİB İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Heydər Babayev Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) icraçı direktoru Manuel Saqerlə görüşmüşdür. Heydər Babayev Azərbaycanda beynəlxalq maliyyə qurumları, o cümlədən AYİB-lə əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda AYİB-in maliyyə dəstəyi ilə həm dövlət, həm də özəl sektorda bir sıra layihələr həyata keçirilmişdir. Bank həmçinin, “Unibank”, “Azərdəmiryolbank” səhmdar kommersiya banklarının, Azərbaycan Mikromaliyyələşdirmə bankının yaradılmasında iştirak etmiş, yerli özəl banklara kredit xətləri ayırmışdır. Həyata keçirilməkdə olan “Hacıqabul - Kürdəmir avtomobil yolunun yenidənqurulması”, “Azərbaycan İstilik Elektrik Stansiyasının reabilitasiyası, “Dövlət Dəmir Yolunun lokomotiv parkının yeniləşdirilməsi və modernləşdirilməsi”, “Bakı - Samur avtomobil yolunun yenidənqurulması” layihələri də AYİB tərəfindən dəstəklənir. Azərbaycan tərəfi bundan sonra da qurumla əlaqələrin genişləndirilməsində maraqlıdır.
Manuel Saqer səmimi qəbul üçün minnətdarlığını bildirmiş və ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. O, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların Bankın diqqət mərkəzində olduğunu vurğulamışdır. AYİB təmsilçisi Bankın 2007-ci ildəki fəaliyyəti barədə də məlumat vermiş, ötən il bu maliyyə qurumunun 1,1 milyard avro həcmində gəlir əldə etdiyini bildirmişdir.
Görüşdə AYİB ilə Azərbaycan arasındakı əlaqələr və Bankın may ayında Kiyevdə keçiriləcək illik toplantısının gündəliyi də müzakirə edilmişdir. Bank rəsmisi Heydər Babayevi mayın 18-19-da keçiriləcək həmin tədbirə dəvət etmişdir.
Əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu görüşdə AYİB-in Bakı ofisi rəhbərinin müavini Valeriyo Razlok da iştirak etmişdir.
