SİYASƏT
Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin üzvü seçilmişdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan BMT-nin daha bir nüfuzlu qurumunun, Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilmişdir. BMT Baş Məclisinin 2011-ci il 19 dekabr tarixli qətnaməsinin tələbinə əsasən, BMT-nin İqtisadi və Sosial Şurasında aprelin 26-da səsvermə keçirilmiş və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının bu mötəbər beynəlxalq qurumun Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilməsi barədə qərar qəbul edilmişdir.
Nazirlər Kabineti Aparatından AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə, BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycan hökumətinə təbrik məktubu ünvanlayaraq qeyd olunan nailiyyəti böyük məmnunluqla qarşıladığını bildirmişdir. Məktubda Azərbaycanın qaçqınların himayəsi və onların ağır vəziyyəti üçün yolların tapılmasında nümayiş etdirdiyi maraq və qətiyyət, 1993-cü ildən tərəfdaş olduğu Qaçqınların statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu üzrə öhdəlikləri üzrə qaçqınları və sığınacaq axtaran şəxsləri ərazisinə qəbul etməsi təqdir olunmuşdur. Ali komissar məktubunda həmçinin, Daimi Komitənin iyunun 26-dan 28-dək baş tutacaq növbəti iclasında və İcraiyyə Komitəsinin oktyabrın 1-dən 5-dək keçiriləcək plenar iclasında Azərbaycanı yeni üzv kimi salamlayacağını qeyd etmişdir.
Eyni zamanda, BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə qoşulması kimi çox mühüm hadisə münasibətilə Azərbaycan hökumətinə səmimi təbriklərini çatdırmışdır. Nümayəndə, əldə edilmiş uğurun, didərgin insanların üzləşdikləri problemlərin həlli sahəsində Azərbaycan hökuməti tərəfindən göstərilmiş və davam etməkdə olan səylərinin yüksək qiymətləndirilməsinin təcəssümü kimi dəyərləndirmişdir. Məktubda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzvlüyün Azərbaycana öz təcrübəsi ilə qlobal qaçqın ehtiyacları barədə məlumatlılığın artırılması və onların qarşılanması istiqamətində konstruktiv töhfələr etməyə, dünyada olan qaçqın və məcburi köçkünlük problemlərinin aradan qaldırılmasına yönəlmiş proseslər barədə qərarların qəbul edilməsində daha fəal iştirak etməsinə şərait yaradacağı vurğulanmışdır. Eyni zamanda, məktubda qeyd olunmuşdur ki, qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi ilə bağlı Azərbaycan hökumətinin artmaqda olan siyasi və iqtisadi qətiyyəti bu sahədə daha böyük müvəffəqiyyətlərin və nailiyyətlərin əldə olunacağına ümid etməyə əsas verir.
Sonda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Daimi Komitənin və İcraiyyə Komitəsinin illik iclaslarında hazırlıq və iştirakla bağlı texniki və məşvərətçi dəstəyini Azərbaycan hökumətinə təklif etmişdir.