SİYASƏT
Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olduğu müddətdə Afrika dövlətləri üçün vacib olan bir çox məsələlərin həlli ilə bağlı qərarların qəbulunda fəal rol oynamışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 25-də Botsvananın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Pandu T.C Skelemani ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Botsvana arasında ikitərəfli məsələlər, ölkəmizin regiondakı rolu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri, iqtisadi, mədəni və enerji sahələrində əlaqələrin genişləndirilməsi müzakirə olunmuşdur.
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT və digər beynəlxalq təşkilatların Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələri, problemin həlli ilə bağlı hazırda gedən danışıqlar prosesi barədə botsvanalı həmkarına ətraflı məlumat vermişdir.
Azərbaycanın xarici işlər nazirinin Botsvanaya səfərinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm hadisə olduğunu bildirən Pandu T.C Skelemani gələcəkdə əməkdaşlığın inkişafı istiqamətində müxtəlif tədbirlərin keçirilməsini və səfərlər mübadiləsinin təşkilini təklif etmişdir.
Elmar Məmmədyarov Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə Afrika qitəsi dövlətləri üçün vacib olan bir çox məsələlərin, xüsusən də münaqişələrin həlli istiqamətində qərarların qəbul edilməsində fəal rol oynadığını diqqətə çatdırmışdır. O, botsvanalı həmkarını Azərbaycana səfərə dəvət etmişdir.
Pandu T.C Skelemani dəvəti məmnuniyyətlə qəbul etmiş, iki ölkə arasında əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır.