ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Gənc yazarların bədii qiraət gecəsi” mövzusunda tədbir keçirilmişdir
Bakı, 23 iyun (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) “Gənc yazarların bədii qiraət gecəsi” mövzusunda tədbir keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə professor Şəhla Nağıyeva “Qadınlar, ədəbiyyat və cəmiyyət layihəsinin genişləndirilməsi: regionlardakı yaradıcı qadınlar” layihəsi haqqında məlumat vermişdir. Ötən il keçirilmiş layihənin nəticəsi olaraq “Buta” ədəbiyyat toplusunun dərc edildiyi bildirilmişdir.
Amerikalı şair, Pəsifik Luteran Universitetinin müəllimi Alison Məndəvil ədəbi yaradıcılığın üslub və metodlarından danışmışdır.
ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Cons layihəni yüksək qiymətləndirmiş və Quba şəhərində yazarlar üçün mərkəzin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. O demişdir ki, hər kəs bu mərkəzdən yararlana bilər.
Yeniyetmələr arasında yazı qabiliyyətinin inkişaf etdirilməsindən bəhs edən K.Cons ABŞ səfirliyində qrand proqramının fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, maraqlananlar yazılarını qrand proqramına göndərə bilərlər.
Qeyd olunmuşdur ki, hər bir iştirakçının əsəri ingilis dilinə tərcümə ediləcəkdir. Layihə başa çatdıqdan sonra Azərbaycan və Amerika yazıçılarının əsərlərindən ibarət Azərbaycan və ingilis dillərində ədəbiyyat toplusu nəşr olunacaqdır.
Layihə çərçivəsində keçiriləcək seminar və görüşlər ölkəmizdə ədəbi mühitin inkişafı və zənginləşməsinə yardımçı olacaq, xüsusən regionlarda yaşayan qadın yazarların peşəkarlığının, bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir.
Sonda gənc yazarlar layihə müddətində yazdıqları şeir və hekayələri oxumuşlar.