ELM VƏ TƏHSİL
AZƏRBAYCAN DÖVLƏTİNİN GƏNCLƏR SİYASƏTİ UĞURLA HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilmişdir.
İnstitutun Gənc Alimlər Şurasının sədri Qalib Şərifov Azərbaycan gənclərinə göstərilən diqqət və qayğıdan danışmış, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulamışdır.
Ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəal iştirakından söhbət açan natiq, gənc nəslin beynəlxalq səviyyəli idman yarışlarında, bir sıra elmi konfranslarda ölkəmizi uğurla təmsil etdiklərini bildirmişdir. O, Fizika İnstitutunun dünyanın ən qabaqcıl elmi-texniki təşkilatları ilə əməkdaşlıq əlaqələrindən söhbət açaraq, mühüm nəticələr əldə etdiyini vurğulamışdır.
Çıxış edənlər son üç ildə institutun gənc əməkdaşları tərəfindən İNTAS təşkilatına təqdim edilən layihələrdən beşinin qalib gəldiyini və həmin əməkdaşların hazırda Fransa, Türkiyə, Belçika, Polşa və Almaniyanın aparıcı universitetləri ilə birgə çalışdıqlarını, beynəlxalq elmi jurnallarda 30-dan artıq məqalənin dərc edildiyini bildirmişlər.