MƏDƏNİYYƏT
Azərbaycan ədəbiyyatının iki görkəmli nümayəndəsinin xatirəsi anılıb
Bakı, 5 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında “Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” mövzusunda görkəmli şair-dramaturq Hüseyn Cavid və ədəbiyyatşünas alim Məmməd Arif Dadaşzadəyə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu iki böyük şəxsiyyətin yaradıcılığından, ədəbi mövqelərindən söhbət açılıb.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru Asif Rüstəmli bildirib ki, 1941-ci il dekabrın 5-də İrkutsk vilayətində vəfat edən Hüseyn Cavidin nəşi 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Vətəninə gətirilib. Bakıda və Naxçıvanda şairin ev muzeyləri yaradılıb, məzarı üzərində məqbərə ucaldılıb.
Çıxış edənlər həmin qanlı-qadalı illərdə böyük alim M.A.Dadaşzadənin H.Cavid irsinə sədaqətini itirmədiyini söyləyiblər.
Tədbirdə M.A.Dadaşzadənin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Alimin nəvəsi, Əməkdar İncəsənət Xadimi, musiqişünas Zümrüd Dadaşzadə H.Cavidin bəraət aldıqdan sonra əsərlərinin ilk toplusunun redaksiya heyətində babasının da təmsil olduğundan, onun ölməz şairin irsinə göstərdiyi xüsusi diqqətdən söhbət açıb.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova hər iki böyük şəxsiyyətin həyatında və taleyində kəsişən anları xatırladıb.
Sonda H.Cavidin şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.