İQTİSADİYYAT
Azərbaycan fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitə malikdir
Bakı, 11 aprel, AZƏRTAC
Fransanın “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov ölkəmizin Fransa ilə iqtisadi, humanitar və mədəniyyət sahələrində əməkdaşlığını qeyd edib, “MEDEF International” təşkilatının iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafında rolunu vurğulayıb. Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir, bir sıra infrastruktur layihələrinin reallaşmasında podratçı kimi iştirak edirlər. Fransa nümayəndə heyətinə, həmçinin ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri və Azərbaycan İnvestisiya Holdinqinin dövlət şirkətləri ilə bağlı həyata keçirildiyi islahatlar, tətbiq edilən müasir korporativ idarəetmə metodları barədə məlumat verilib.
“MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye Azərbaycanda keçirdikləri görüşləri müsbət qiymətləndirib, təmsil etdiyi qurumla əməkdaşlığın postpandemiya dövründə də davam etdirilməsinin önəmini qeyd edib. Filip Qotye Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu vurğulayıb, “MEDEF International”ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə səmərəli əməkdaşlığı davam etdirəcəyini bildirib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransanın biznes dairələrinin geniştərkibli nümayəndə heyətinin ölkəmizdəki görüşlərinin Azərbaycanın işgüzar dairələri ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələrinin inkişafı, nəqliyyat, enerji, o cümlədən hidrogen istehsalı və sair sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.