CƏMİYYƏT
“Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda konfrans keçirilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Qaradağ Rayon İcra Hakimiyyəti “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda birgə konfrans keçirmişlər.
Tədbirdə narkomaniya ilə mübarizə, bu sahədə görülən işlər və statistik göstəricilər təhlil edilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl Qaradağ rayon ərazisində müsadirə edilən narkotik vasitələr müvafiq komissiyanın iştirakı ilə məhv edilmişdir.
“Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda keçirilən tədbirdə narkotik maddələrdən qanunsuz istifadə olunması və narkomanlığa qarşı mübarizə istiqamətində rayonda görülən tədbirlər barədə məlumat verilmişdir.
İcra hakimiyyəti başçısının müavini Zəfər Əliyev bu sahədə rayonda yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərindən danışmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev isə narkomaniyanın yaratdığı fəsadlardan söz açmışdır. Xəstəliyə qarşı dövlət səviyyəsində profilaktik tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, ən çox yeniyetmə və gənclər arasında təsadüf edilən narkomaniyaya qarşı mübarizə yalnız hüquq mühafizə orqanları tərəfindən deyil, bütövlükdə cəmiyyətin hər bir üzvü tərəfindən aparmalıdır.
Tədbirdə gənclərin asudə vaxtının səmərəli təşkili, hüquq pozuntuları və zərərli vərdişlərə qarşı mübarizə sahəsində görülən işlər, narkomaniya ilə mübarizədə bədən tərbiyəsi və idmanın rolu mövzularında məruzələr dinlənilmişdir.
Kütləvi informasiya vasitələrində gənclər arasında narkomaniya ilə bağlı geniş informasiyaların verilməsi, treninqlərin keçirilməsi qərara alınmışdır.