İDMAN
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Tehranda keçirilən dünya kuboku yarışlarında fəxri qonaq qismində iştirak edir
Bakı, 16 may (AZƏRTAC). Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, Rusiya, Koreya Respublikası, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edirlər.
Yarışların ilk günündə yığma komandamızın üzvləri İran, Ermənistan və Koreya Respublikasının güləşçiləri ilə qarşılaşmışlar. Komandamız İran yığmasına uduzsa da, Ermənistanı 8:0, Koreya Respublikasını isə 5:3 hesabı ilə məğlub etmişdir. Proqrama əsasən, güləşçilərimiz bu gün qrupda sonuncu görüşünü Finlandiyaya qarşı keçirəcəklər.
Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev fəxri qonaq qismində dünya kuboku yarışlarında iştirak edir. Yığma komandamızın keçirdiyi görüşləri arenada izləyən AGF-nin birinci vitse-prezidenti güləşçilərimizlə də görüşmüşdür. Qazanılan qələbələr münasibətilə yığmanın üzvlərini təbrik edən AGF rəsmisi komandaya qarşıdakı görüşlərdə uğurlar arzulamışdır.