İDMAN
Azərbaycan güləşçisi Raqnetta Qurbanzadə dünya çempionatında bürünc medal qazanıb
Bakı, 8 avqust (AZƏRTAC). Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizə aparıblar. Güləşçilərimiz üç çəki dərəcəsində təmsil olunub və millimiz bir medal qazanıb.
Çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Raqnetta Qurbanzadə ilk görüşdə Yaponiya təmsilçisi Masako Furuiçi ilə qarşılaşıb. Görüş güləşçimiz üçün uğurlu olmasa da rəqibin finala çıxması ilə idmançımız təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Bolqarıstan güləşçisi Soya Georgiyeva ilə qarşılaşan təmsilçimiz görüşdə qələbə qazanıb və bürünc medal uğrunda mübarizə aparmaq hüququna sahib olub. Üçüncü yer uğrunda görüşdə isveçli Moa Niqren üzərində qələbə güləşçimizə bürünc medal qazandırıb.
Qeyd edək ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. Ümumilikdə, 59 xal toplayan yığmamız komanda hesabında dünya birincisi olub.