SİYASƏT
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması istiqamətində səylər daha da artırılmalıdırlar
Bakı, 23 iyun (AZƏRTAC). Belçikada səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Belçika Türk Federasiyasının rəhbəri Ömər Zararsız və təşkilatın üzvləri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Q.Paşayeva ermənilərin işğal etdikləri torpaqlarımızda törətdikləri vandalizm aktları və soyqırımları barədə danışmışdır. Bildirmişdir ki, dünyanın hər yerində, o cümlədən Belçikada yaşayan azərbaycanlılar və türkdilli xalqların nümayəndələri ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması istiqamətində səylərini daha da artırmalıdırlar.
Belçikada təxminən beş mindən çox azərbaycanlının və türkdilli xalqların 170 mindən çox nümayəndəsinin yaşadığını qeyd edən deputat Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş çatdırılması üçün böyük potensialın olduğunu vurğulamışdır.
Q.Paşayeva, həmçinin Belçikada və Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının bir-birinə sıx dəstək vermələrinin və türk dünyasını narahat edən problemlərin həllində bərabər çalışmalarının vacibliyini də qeyd etmişdir.
Görüşdə Milli Məclisin deputatı Avropa parlamentində keçirilən tədbirlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun mövqeyi barədə ətraflı məlumat vermişdir.
Ö.Zararsız Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə ölkəmizin həqiqətlərinin belçikalılara daha geniş çatdırılması istiqamətində səylərin bundan sonra daha da artırılacağını bildirmişdir.
Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılmışdır.