İQTİSADİYYAT
Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır
Bakı, 13 fevral (AZƏRTAC). Bolqarıstanın iqtisadiyyat və energetika naziri Dragomir Stonyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nəqliyyat naziri Ziya Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı islahatlardan, beynəlxalq inteqrasiya istiqamətində əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycanın yol-nəqliyyat sektorundakı yeniliklərdən və regional layihələrdən danışmışdır.
Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritetlərdən biri olduğunu deyən Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini bildirmişdir. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir bu istiqamətdə Bolqarıstan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin həm Azərbaycanın, həm də Bolqarıstanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduğunu deyən D.Stonyev ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd etmişdir.
Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, müvafiq normativ-hüquqi bazanın yaradılması məqsədilə sazişlərin işlənib hazırlanması, eyni zamanda Bolqarıstan şirkətlərinin Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirakı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.