İQTİSADİYYAT
Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar vardır
Bakı, 7 mart (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Əfqanıstan nümayəndə heyəti martın 6-da Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) olmuşdur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov nümayəndə heyətinə son illər Azərbaycanın inkişafı, əldə edilən uğurlar barədə məlumat vermişdir. Bildirilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Bu isə iqtisadiyyatın bütün sahələri ilə yanaşı, yol-nəqliyyat kompleksinin inkişafına da böyük təkan vermişdir. Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıqdan danışan sədr əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Azərbaycanda reallaşdırılan layihələri və yenidənqurma işlərini yüksək qiymətləndirən Əfqanıstan nümayəndə heyəti rəhbəri Xan Can Alokozai iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırmışdır.
Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq, Əfqanıstanda mərmər istehsalının potensialı və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.