MƏDƏNİYYƏT
AZƏRBAYCAN İLƏ ƏRƏB DÜNYASI ARASINDA ƏDƏBİ, ELMİ VƏ MƏDƏNİ ƏLAQƏLƏR GENİŞLƏNİR
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 1-də Xəzər Universiteti və Misir Ərəb Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Müasir dövrdə ərəb dili, ədəbiyyatı və mədəniyyəti” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Konfransı Xəzər Universitetinin prorektoru, professor Məhəmməd Nuriyev açaraq, 1500 illik tarixə malik olan Misir mədəniyyətinin özünəməxsus cəhətlərindən söhbət açmış, ərəb dili, ədəbiyyatı və mədəniyyəti haqqında məlumat vermişdir.
Misir Ərəb Respublikasının (MƏR) Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur, bu ölkənin Bakıdakı Mədəniyyət Mərkəzinin direktoru, doktor Adel Dərviş, akademik Vasim Məmmədəliyev, MƏR-in Fayyum Universitetinin prorektoru, doktor Məhəmməd İbrahim Barakat, Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Qafqaz Universitetinin prorektoru Məmmədəli Babaşov BMT-də istifadə edilən 6 rəsmi dildən biri olan ərəb dilinin beynəlxalq əhəmiyyətindən, ərəb dünyası ilə Azərbaycanın mədəni əlaqələrindən söhbət açmışlar.
Sonra konfrans çərçivəsində şərqşünas alimlərin plenar iclası keçirilmişdir. Alimlərin “Ərəb ədəbiyyatının Azərbaycan şərqşünaslığında yeri”, “Ərəb dilinin tədrisində fəal metodlar”, “Axund Mir Məhəmməd Kərim Mir Cəfərzadənin ərəb dilinin tərcümə tarixindəki yeri və rolu” mövzularında çıxışları dinlənilmişdir.
Konfrans aprelin 2-də işini davam etdirəcəkdir.