İQTİSADİYYAT
Azərbaycan ilə Qazaxıstan neftçi-geoloqları arasında müqavilə imzalanmışdır
Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Qazaxıstan Respublikası neftçi- geoloqlar cəmiyyətinin prezidenti, akademik Baltabek Kuandıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, akademik Xoşbəxt Yusifzadə hələ sovet dövründə Xəzər dənizinin Qazaxıstan sektorunda neft-qaz strukturlarının kəşfiyyatında və Qazaxıstanın enerji sektorunun inkişafında Azərbaycanın neftçi-geoloqlarının mühüm rol oynadığını qeyd etmişdir. O, qonaqlara Azərbaycanda neft sənayesində son illər həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verərək, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açmışdır.
Qazaxıstan Respublikası neftçi-geoloqlar cəmiyyətinin prezidenti, akademik Baltabek Kuandıkov Azərbaycanın enerji sektorunda əldə olunmuş uğurları, ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirmişdir. Qonaq qeyd etmişdir ki, sovet dönəmində Azərbaycanlı geoloqlarla Xəzərin Qazaxıstan hissəsində birgə fəaliyyət müsbət nəticələr vermişdir. Daha sonra Baltabek Kuandıkov ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Qazaxıstan Respublikası neftçi-geoloqlar cəmiyyətinin fəxri üzvü şəhadətnaməsini və döş nişanını təqdim etmişdir.
Görüşdə habelə Azərbaycan neftçi-geoloqlar cəmiyyətinin sədri, geologiya-mineralogiya elmləri doktoru Akif Nərimanovun Qazaxıstan Respublikası neftçi-geoloqlar cəmiyyətinin, Baltabek Kuandıkovun isə Azərbaycan neftçi-geoloqlar cəmiyyətinin üzvü seçildiyi bildirilmişdir.
Daha sonra iki ölkənin neftçi-geoloqlar cəmiyyətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Sənədə əsasən Azərbaycan və Qazaxıstan neftçi-geoloqları elmi, geoloji kəşfiyyat işləri, eləcə də kadr mübadiləsi və məsləhətləşmələr həyata keçirəcəklər. İclasda Azərbaycan neftçi-geoloqlar cəmiyyətinin bp, “Total”, “Statoyl” şirkətlərindən olan üzvləri də iştirak etmişlər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılmış, sonda xatirə şəkili çəkdirilmişdir.