İQTİSADİYYAT
“Azərbaycan ixrac kataloqu-2014” layihəsinin təqdimatı oldu
Bakı, 21 iyul (AZƏRTAC). İyulun 21-də Bakının “Park İnn” otelində Azərbaycan Marketinq Cəmiyyətinin həyata keçirdiyi “Azərbaycan ixrac kataloqu-2014” adlı layihənin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar Hüseynzadə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında ixrac kataloqunun əhəmiyyətindən danışdı. Bildirildi ki, layihə ölkə şirkətlərinin rəqabətqabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılmasına, yeni xarici istehlak bazarları və tərəfdaşların tapılmasına kömək məqsədilə həyata keçirilir.
N. Hüseynzadə diqqətə çatdırdı ki, builki kataloq çap formatında min nüsxə ilə ingilis dilində, disk formatında isə 5 dildə (ingilis, alman, ispan, rus və ərəb dillərində) hazırlanıb. Kataloq Azərbaycan diaspor təşkilatları, beynəlxalq qurumların ölkəmizdəki nümayəndəlikləri, ictimai və dövlət təşkilatları vasitəsilə yayılacaq, yerli və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaq. Kataloqda qeyri-neft sektoru, əsasən qida sənayesi, istehsal, xidmət, turizm, tikinti və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər və onların məhsulları barədə məlumatlar yer alıb.
Təqdimat mərasimində, həmçinin layihənin sponsoru olan özəl şirkətlərin təmsilçiləri də çıxış edərək kataloqun Azərbaycanın ixracat potensialının artırılması istiqamətində gərəkli addım olduğunu vurğuladılar.