SİYASƏT
AZƏRBAYCAN-KOREYA ƏLAQƏLƏRİ MÜXTƏLİF SAHƏLƏRDƏ UĞURLA İNKİŞAF EDİR
Bakı, 15 dekabr (AZƏRTAC). Dekabrın 15-də Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikası Milli Məclisinin Koreya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
Sədr demişdir ki, belə səfərlər ölkələrimiz arasında əlaqələrin inkişafına töhfəsini verir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı bir sıra mühüm sənədlər imzalanmış, Azərbaycan-Koreya və Koreya-Azərbaycan biznes forumları keçirilmişdir. Koreyanın bir neçə iri şirkəti Azərbaycanda bu gün uğurla fəaliyyət göstərir. Hyundai, Samsung, LG şirkətlərini buna misal göstərmək olar. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Bu, yaxın gələcəkdə iqtisadi əlaqələrimizin daha da inkişaf edəcəyinə əminlik yaradır. Ölkələrimiz arasında tranzit əlaqələri tarixi köklərə əsaslanır. Belə ki, Koreyadan başlayan qədim və böyük “İpək yolu” Azərbaycandan keçməklə Şərqlə Qərbi birləşdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan sədr diqqətə çatdırmışdır ki, Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının və digər beynəlxaq qurumların qətnamə və qərarlarına bədnam qonşularımız məhəl qoymurlar.
Koreya-Azərbaycan dostluq qrupunun sədri, Koreya Milli Məclisinin deputatı Suh Byunq Soo bildirmişdir ki, 1990-cı illərin əvvəllərindən başlayan diplomatik əməkdaşlığımız genişlənməkdədir. Prezidentlərin və hökümət nümayəndələrinin qarşılıqlı səfərləri siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin uğurla inkişafına xidmət edir. Azərbaycanın və Koreyanın özəl şirkətləri arasında əlaqələrin inkişafı da məmnunluq doğurur.
Dostluq qruplarının Azərbaycan-Koreya əlaqələrinin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunmuşdur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.