RƏSMİ XRONİKA
AZƏRBAYCAN-LİTVA: DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ
LİTVA RESPUBLİKASININ PREZİDENTİ VALDAS ADAMKUSUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
Litva Respublikasının Prezidenti Valdas Adamkus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 8-də Bakıya ikigünlük rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Litvanın dövlət bayraqları ilə bəzədilən Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Litva Prezidenti Valdas Adamkusu və xanımını Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Litva rəhbərinə və onun xanımına gül dəstələri təqdim etdilər.
Qarşılanma mərasimindən sonra Litva Prezidenti ilə Azərbaycanın Baş naziri arasında qısa protokol görüşü oldu.
Litva Prezidenti Valdas Adamkus hava limanından şəhərə yollandı.