İDMAN
AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ, AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Hörmətli xanımlar və cənablar!
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti hörmətli cənab Çoudri!
Əziz qonaqlar, əziz idmançılar!
Bu gün Azərbaycanın idman tarixində çox əlamətdar bir gündür. Bu gün professor Ənvər Çoudrinin adını daşıyan beynəlxalq boks turniri başlanır. Yeddinci dəfə keçirilən bu beynəlxalq yarış artıq gözəl bir ənənəyə çevrilibdir. Gələn ildən isə ona olimpiya lisenziya turniri statusu veriləcəkdir. Bu o deməkdir ki, gələn il burada yarışacaq idmançılar Afina Olimpiya oyunlarında çıxış edəcəklər.
Beləliklə, Olimpiya oyunlarının tərkib hissəsi olan bu turnir Bakıda keçiriləcək və bu, Azərbaycanın idman həyatında ilk dəfə baş verəcəkdir. Bu, Beynəlxalq Həvəskar Boks Assosiasiyası tərəfindən bizə göstərilən böyük inamın, verilən yüksək qiymətin nəticəsi və nümayişidir. Mən bu diqqətə və hörmətə görə Beynəlxalq Həvəskar Boks Assosiasiyasına və şəxsən onun prezidenti cənab Çoudriyə Azərbaycanın bütün idman ictimaiyyəti adından öz minnətdarlığımı bildirirəm.
Görkəmli ictimai xadim, alim, beynəlxalq olimpiya hərəkatının ən parlaq simalarından biri olan cənab Ənvər Çoudri Azərbaycanın böyük dostudur. Azərbaycanda idmanın, xüsusilə boksun inkişafında onun xidmətləri danılmazdır. Məhz bu xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev professor Ənvər Çoudrini “Şöhrət” ordeni ilə təltif etmişdir.
Azərbaycanda Boks Federasiyası da çox gözəl fəaliyyət göstərir, ölkəmizdə boksun inkişafında böyük xidmətləri var. Təsadüfü deyil ki, bizim Federasiyanın prezidenti cənab Ağacan Əbiyev Beynəlxalq Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü, eyni zamanda Avropa Boks Federasiyasının vitse-prezidenti seçilmişdir.
Mən Azərbaycanın boksçularına inanıram. İnanıram ki, onlar 2004-cü ildə keçiriləcək yay olimpiya oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edəcək, doğma Vətənimizə yeni-yeni qələbələr gətirəcəklər.
Turnirin açılışı münasibətilə sizin hamınızı bir daha təbrik edirəm, idmançılara qələbələr, uğurlar arzulayıram. Sağ olun.