CƏMİYYƏT
2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək
![2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək](/files/2024/2/1200x630/17195829945608234618_1200x630.jpeg)
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmizdə yeni ekoloji siyasət formalaşıb. Bu gün ekoloji problemlər, ətraf mühitin qorunması məsələsi ölkəmizdə aparılan siyasətdə prioritet məsələlərdən biridir. Milli Məclis olaraq qanunvericilik bazasını formalaşdırırıq. Bu sahədə 20-dən çox qanun, normativ-hüquqi aktlar mövcuddur. Zaman-zaman çağırışlara əsasən qanun layihələri təkmilləşdirilir və mövcud şəraitə uyğunlaşdırılır. Həmçinin Azərbaycan ətraf mühitin qorunması sahəsində onlarla konvensiyanın üzvüdür.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı İltizam Yusifov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində keçirilən “Tullantıların idarə edilməsində dayanıqlı təcrübələr üçün əhali və gənclərin cəlb edilməsi” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Deputat müasir sənayeləşmənin yeni yanaşmalar tələb etdiyini diqqətə çatdırıb: “Müasir dünya inkişaf etmiş ölkələrdə sıfır tullantını nəzərdə tutan istehsalat müəssisələrinin, eləcə də süni intellektə söykənən Dördüncü Sənaye İnqilabının tələblərinə əsaslanan istehsalat nümunələrinin yaradılmasını nəzərdə tutur. Bakı artıq Dördüncü Sənaye İnqilabının regional mərkəzlərindən biridir. Bu gün karbon neytrallığı, yəni dekarbonizasiya heç də istehsaldan imtina etmək demək deyil. COP28 tədbirinin yekun qərarlarının hamısında icrası məcburi olmayan müddəalar var. Lakin onların hamısı dünyada temperaturun 1.5 dərəcədə saxlanılmasını ehtiva edir. Burada əsas məqam enerji sistemlərində mədən yanacağından imtina və digər yanacaq növünə keçiddir ki, bunun da bir neçə şərti var. Həmin keçid mütləq mənada ədalətli, səliqəli və hər bir ölkənin milli maraqlarına uyğun olmalıdır. Keçidin dünya enerji sisteminin dayanıqlılığına mənfi təsiri olmamalıdır. Hər bir ölkə bildiyi yolla dekarbonizasiya etməli və karbon neytrallığını istədiyi üsulla müəyyənləşdirməlidir. Dekarbonizasiya və karbon neytrallığı heç də məhsul istehsalından imtina və onun azaldılması deyil. Dünya əhalisi artır, resurslar həmişə məhduddur, sadəcə, daha effektli məhsul istehsalı olmalıdır. Bunu isə daha innovativ və yeni texnologiyaların tətbiqi ilə etmək mümkündür. Sənayedə ekoloji təmiz metodların tətbiqi, sözsüz ki, sonda tullantıların azaldılması ilə nəticələnəcək. Bundan sonra isə balanslaşdırılmış sıfır tullantı rejimində, yəni atılan tullantıların kompensasiya edilməsi şərtilə effektiv məhsul istehsalına nail olmaq mümkündür. Əsas məsələlərdən biri də tullantıların idarə edilməsidir. Bu gün həmin məsələ dünyada qlobal xarakter alıb. Tullantıların toplanması, təkrar emalı və utilizasiyası məsələsi olduqca aktualdır. Sözsüz ki, burada innovativ texnologiyaların və yanaşmaların rolu olduqca böyükdür. Bu gün dünyada 2 milyard tondan artıq təkcə bərk məişət tullantıları formalaşıb. Hər insanın hesabına 0.11-4.5 kiloqram, orta hesabla isə 0.75 kiloqram tullantı formalaşır. Bu, əslində böyük rəqəmdir. Bundan əlavə, dünya əhalisinin təxminən 16 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrdə yaşayır. Əfsuslar olsun ki, tullantıların məhz 35 faizi həmin ölkələrin payına düşür. Hesab olunur ki, 2050-ci ilə qədər həmin rəqəm 40-45 faizə qədər yüksələcək. Buradan belə nəticə çıxır ki, yüksək gəlirlə tullantıların həcmi arasında düz mütənasiblik var”.
Ölkəmizdə 4 milyon tondan artıq tullantı yarandığını deyən İltizam Yusifov bunun təxminən 60-65 faizini bərk məişət tullantılarının, 30-33 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantıların təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə bərk məişət tullantılarının təxminən 70 faizindən çoxu zərərsizləşdirilir, 20 faizdən bir qədər çoxu isə elektrik enerjisi alınmasına yönəldilir.