MƏDƏNİYYƏT
Azərbaycan Milli Xalça Muzeyi ilə Özbəkistan Dövlət Tarix Muzeyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
“Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi ilə Özbəkistan Dövlət Tarix Muzeyi arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma Azərbaycan Milli Xalça Muzeyində “II Türk Dünyası Muzeyləri Görüşü” çərçivəsində təşkil olunub.
Memorandumu Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova və Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Jannat İsmayılova imzalayıblar.
Mədəni irsin araşdırılması və qorunması, elmi mübadilə və əməkdaşlığın inkişafı, birgə sərgi layihələrinin reallaşdırılması, akademik simpoziumların, seminarların keçirilməsi məqsədilə imzalanan sənəd Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafına mühüm töhfədir.
Qeyd edək ki, oktyabrın 11-dən 14-dək Bakı və Şuşa şəhərlərində “II Türk Dünyası Muzeyləri Görüşü” keçirilir. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə təşkil olunur.