İDMAN
Azərbaycan millisinin üç idmançısı gənc qızlar arasında boks üzrə Avropa birinciliyində
Bakı, 21 iyul (AZƏRTAC). İtaliyanın Assisi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə start verilib. Turnirdə 26 ölkənin 100 idmançısı mübarizə aparır.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamız gənclərin yarışında 3 boksçu ilə təmsil olunur: Aliyə Vəlizadə (54 kq), Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (81 kq).
Boksçularımızdan ilk olaraq iyulun 21-də Aliyə Vəlizadə rinqə çıxacaq. Həmyerlimiz Bakı vaxtı ilə saat 22.15-də səkkizdə bir final mərhələsində rusiyalı Stefani Sultanova ilə qarşılaşacaq. Məryəm Cəbrayılova iyulun 23-də irlandiyalı Kiara Şheediylə, Alina Hacıyeva isə iyulun 26-da ukraynalı Anastasiya Stankeviçlə üz-üzə gələcək.
Seçmə komandamız Avropa birinciliyindən 10 gün öncə İtaliyaya yollanaraq, orada İrlandiya, Hollandiya, Belçika və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edib.
Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.
Yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.