İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatının inkişafı ilə bağlı İsraildə keçiriləcək kursda və beynəlxalq konfransda iştirak edəcəkdir
Bakı, 12 fevral (AZƏRTAC). Mayın 8-dən 21-dək İsraildə keçiriləcək “Kənd təsərrüfatında plastik materialların istifadəsi - innovasiyalar və onların tətbiqi” adlı kurs təşkil olunacaqdır.
İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi (MASHAV) və Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Əməkdaşlığı Mərkəzinin (CİNADCO) təşkil etdiyi kursa Azərbaycanda kənd təsərrüfatının inkişafı və məhsul istehsalı sahəsində fəaliyyət göstərən mütəxəssislər, təlimatçılar, tədqiqatçılar və ali məktəb müəllimləri də dəvət olunmuşlar.
AZPROMO-dan AZƏRTAC-a bildirmişlər ki, iştirakçılara bağçılıq, bostançılıq, bitkilərin qorunması, suvarma və sair sahələr üzrə İsrailin tədqiqatları və təcrübəsi haqqında məlumatlar veriləcəkdir.
Kursa dəvət olunanlar mayın 15-dən 17-dək Təl-Əviv şəhərində keçiriləcək 18-ci “Aqrotex” Beynəlxalq Sərgisi və Kənd Təsərrüfatında Plastikin İstifadəsi üzrə Beynəlxalq Konfransda da iştirak edəcəklər.