RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN ATƏT-DƏKİ SƏFİRİ CULİ FİNLİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Prezident sarayında ABŞ-ın ATƏT-dəki səfiri Culi Finlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə ATƏT arasındakı əməkdaşlığın səviyyəsindən razı qaldığını bildirdi. Prezident İlham Əliyev bu səfərin ölkəmiz ilə təşkilat arasında əlaqələrin gələcək perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Culi Finli ölkəmizə ilk dəfə səfər etməkdən böyük məmnunluq duyduğunu bildirdi. O, səfərində məqsədin Azərbaycan-ATƏT əməkdaşlığına dair geniş məlumat almaqdan və bu əməkdaşlıqla bağlı Azərbaycan Prezidenti ilə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu söylədi. Qonaq Azərbaycanın ATƏT ilə əməkdaşlığın bir sıra sahələrində, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində böyük uğurlar əldə etdiyini vurğuladı.