RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYA BUNDESTAQININ ÜZVÜ, ÜMUMDÜNYA BƏRPA OLUNAN ENERJİ ŞURASININ HƏMSƏDRİ HERMANN ŞHEERİ QƏBUL ETMİŞDİR
Bakı, 6 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheeri qəbul etmişdir.
Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheer Azərbaycanda sürətli iqtisadi inkişafın getdiyini qeyd etdi. Ölkəmizdə energetika sahəsində böyük uğurlar əldə olunduğunu bildirən qonaq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirdiyini dedi. O, Azərbaycanın dünyada alternativ enerji mənbələrinə böyük önəm verən ölkələrdən biri olduğunu vurğulayaraq qeyd etdi ki, səfərinin məqsədi bu sahədə Azərbaycanda həyata keçirilən işlərin hazırkı vəziyyəti və perspektivləri ilə yaxından tanış olmaqdan ibarətdir.
Dövlətimizin başçısı ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin uzunmüddətli enerji təminatının möhkəm əsaslarını yaradıb. Dövlətimizin başçısı qeyd etdi ki, hazırda Azərbaycan alternativ enerji mənbələrinin yaradılmasına böyük diqqət verir və bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.
######