RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ ONKOLOQLARI VƏ RADİOLOQLARININ DÖRDÜNCÜ QURULTAYININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Prezident sarayında Müstəqil Dövlətlər Birliyi onkoloqları və radioloqlarının dördüncü qurultayının iştirakçılarını qəbul etmişdir.
Ölkəmizdə belə mötəbər tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı, Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən səhiyyədə böyük inkişafın olduğunu, respublikada 10 diaqnostika mərkəzinin tikildiyini bildirdi.
Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyi onkoloqları və radioloqlarının dördüncü qurultayının Azərbaycanda keçirilməsinin MDB çərçivəsində humanitar sahədə əlaqələrin genişlənməsi işinə xidmət etdiyini vurğuladı.
Nümayəndə heyəti adından danışan Rusiyanın N.Bloxin adına Onkoloji Elmi Mərkəzinin baş direktoru, Rusiya Tibb Elmləri Akademiyasının prezidenti akademik Mixail Davıdov bu qurultayın xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Prezident İlham Əliyevin qurultayın keçirilməsinə göstərdiyi dəstəyi xüsusi vurğulayan qonaq dövlətimizin başçısına minnətdarlığını bildirdi. O qeyd etdi ki, keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkədir ki, burada onkologiya üzrə iki akademik çalışır.