RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA TİBB ELMLƏRİ AKADEMİYASININ HƏQİQİ ÜZVLƏRİ, MƏŞHUR OFTALMOLOQLAR ARKADİ NESTEROVU VƏ ALEVTİNA BROVKİNANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Prezident Sarayında Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvləri, məşhur oftalmoloqlar Arkadi Nesterovu və Alevtina Brovkinanı qəbul etmişdir.
Akademik Zərifə xanım Əliyeva adına Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yaranmasının 60 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş akademik Arkadi Nesterov və akademik Alevtina Brovkina Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşlərindən böyük iftixar və məmnunluq hissi keçirdiklərini bildirdilər. Rusiyalı alimlər mərhum akademik Zərifə xanım Əliyeva ilə birgə elmi layihələr, elmi əsərlər üzərində çalışdıqları dövrləri xatırladaraq, onun oftalmologiya elminin inkişafında rolunu xüsusi qeyd etdilər.
Dövlətimizin başçısı Azərbaycanda tibb elminin, o cümlədən oftalmologiyanın inkişafına dövlət qayğısından danışdı.