Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli deputatlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün çox gözəl və əlamətdar bir gündür. Həm Milli Məclis öz işinə başlayır, eyni zamanda, Milli Məclisin binası tam yeni görkəm almışdır. Həm xarici görünüşü, həm də daxili interyeri ən yüksək standartlara cavab verir. Burada deputatlar üçün çox gözəl iş şəraiti yaradılmışdır. Qısa bir müddət ərzində çox əsaslı təmir işləri aparılmışdır. Bu gün bu gözəl salonda işləmək, əlbəttə, çox rahatdır və əminəm ki, deputatlarımız üçün çox uğurlu olacaqdır. İndi Azərbaycanda gedən abadlıq, quruculuq işləri bütün sahələri əhatə edir, binalar abadlaşır, yeni xiyabanlar salınır, inzibati binalar təmir olunur. Biz hamımız istəyirik ki, təmir olunmuş bütün binalar ən yüksək standartlara cavab versin. Əminəm ki, Milli Məclisin fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafı üçün öz töhfəsini verəcək və iş şəraitinin yaxşı olması, Milli Məclis binasının yeni, müasir avadanlıqla təchiz olunması, əlbəttə ki, işin səmərəliliyini də artıracaqdır.

Parlament seçkilərindən artıq bir il keçibdir və demək olar ki, yeni seçilmiş Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Yeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və deputatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin qayğıları, onların arzuları ilk növbədə yerinə yetirilməlidir. Bu baxımdan Milli Məclis üzvlərinin fəaliyyətindən çox şey asılıdır. Bütün görülən işlər, ölkədə gedən inkişaf meyilləri bir məqsədə qulluq edir: Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin, qüdrətli dövlətə çevirmək, sosial ədalət prinsiplərini tam şəkildə bərqərar etmək və ölkəmizi müasirləşdirmək.

Siz tez-tez bölgələrdə olursunuz, seçicilərlə görüşürsünüz və onların əhval-ruhiyyəsini yaxşı bilirsiniz. Biz də bunu bilirik. Biz birlikdə çalışmalıyıq, mövcud olan nöqsanları da birlikdə aradan qaldırmalıyıq, öz diqqətimizi çatışmayan cəhətlərə yönəltməliyik ki, Azərbaycanda bir dənə də problem qalmasın. Bunu etmək mümkündür. Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyət, iqtidarla xalq arasında inam, Milli Məclisin uğurlu fəaliyyəti - bütün bunlar bizim qısamüddətli və uzunmüddətli inkişaf strategiyamızı müəyyən edir.

Parlamentin Azərbaycan cəmiyyətindəki rolu artır, artmalıdır və bu da təbiidir. Bu, bir Prezident kimi məni çox sevindirir. Çünki parlamentin üzərinə düşən vəzifələr yerinə yetirilərsə, əlbəttə, cəmiyyətimizin hərtərəfli inkişafı təmin olunar. Biz Azərbaycanda hüquqi dövlət qururuq. Qanunun aliliyi tam şəkildə bərqərar olmalıdır. Azərbaycan dünya birliyinə daha da sürətlə inteqrasiya etməlidir və ölkəmizin bütün sahələrində çox ciddi islahatlar davam etdirilməlidir. Çox sevindirici haldır ki, ölkəmizdə həm iqtisadi, həm də siyasi islahatlar paralel şəkildə aparılır və bu islahatların gözəl nəticələri var. Bu işlərdə Milli Məclisin üzərinə düşən vəzifəsi var və əminəm ki, sizin səmərəli fəaliyyətiniz ölkəmizin hərtərəfli inkişafı, möhkəmlənməsi işində mühüm rol oynayacaqdır.

Bir daha demək istəyirəm ki, son parlament seçkilərindən bir il vaxt keçir. Bu bir il ərzində Azərbaycan öz mövqelərini daha da möhkəmləndirə bilmişdir. Bir il ərzində ölkəmizdə gedən proseslər müsbət istiqamətdə inkişaf etmişdir. İstər xarici siyasətdə, istər daxili siyasətdə, istərsə də iqtisadi inkişaf baxımından – bütün sahələrdə. Parlament seçkilərinin uğurla keçirilməsi, Azərbaycan xalqının iradəsinin təntənəsi, əlbəttə, ölkəmiz qarşısında yeni imkanlar açır, yeni üfüqlər açır. Parlament seçkiləri yeni bir dövrün başlanğıcıdır. Azərbaycanın müasir tarixində bir neçə dövrlər olmuşdur. 1991-1993-cü illəri biz yaxşı xatırlayırıq. O dövr Azərbaycan üçün məğlubiyyət dövrü kimi yadda qaldı. O dövr Azərbaycana böyük çətinliklər gətirdi, ölkəmiz böyük problemlərlə üzləşdi və əfsuslar olsun ki, həmin problemlərin bir hissəsi bu günə qədər də bizim üçün aktualdır. 1993-2003-cü illər ərzində Azərbaycanda sabitlik və inkişaf dövrü yaşandı. Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz çətin, böhran vəziyyətindən uğurla çıxa bilmişdir. Beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilmişdir. Ölkə daxilində islahatların aparılması üçün gözəl şərait yaradılmışdır. Bütövlükdə, vəziyyət sabitləşmişdir. Nəzərə alsaq ki, 1993-cü ildə bizim müstəqilliyimiz artıq sual altında idi, Azərbaycanın müstəqilliyi çox böyük dərəcədə möhkəmlənmişdir. İndi isə yeni dövr başlayır. Bu dövr Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edəcək, uzunmüddətli inkişafımız bu dövrün uğurlu olmasından asılıdır. Parlament seçkilərinin uğurla keçirilməsi və seçkilərdən sonra ölkəmizin güclənməsi, əlbəttə, Azərbaycan üçün yeni imkanlar yaradır. Biz çalışırıq ki, bütün sahələrdə öz fəaliyyətimizi proqram şəklində quraq. İstər xarici siyasət məsələlərində, istərsə də daxili siyasət məsələlərində. Azərbaycanı narahat edən bütün problemlər diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Siz bölgələrdə tez-tez olursunuz, yəqin özünüz də görürsünüz ki, bizim rayonlarımızın siması dəyişir. Yeni binalar, məktəblər, xəstəxanalar, idman qurğuları, sənaye müəssisələri tikilir, sahibkarlıq inkişaf edir. Miqrasiya, yəni rayonlardan şəhərə miqrasiya meyilləri azalır və ümid edirəm, vaxt gələcək ki, bu, tam dayanacaqdır və bəlkə də, şəhərdən rayonlara miqrasiya başlana bilər. İqtisadi potensialımız artır. Bunu həm makroiqtisadi göstəricilər, həm də insanlarımızın gündəlik həyatı və ölkəmizin gündəlik həyatı sübut edir. Makroiqtisadi göstəricilər, bəlkə də, adi vətəndaşlar üçün o qədər də vacib məsələ deyildir. Ancaq əgər bizim iqtisadiyyatımız 30 faiz artmasa, əlbəttə ki, bütün problemləri həll etmək çətin olacaqdır. Büdcəmiz artır. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artmışdır. Bəziləri deyir ki, bu, neftin hesabına olubdur. Ancaq siz, Milli Məclisin deputatları bunu yaxşı bilirsiniz.

Əlbəttə, neft amilinin Azərbaycanın iqtisadiyyatında böyük əhəmiyyəti var. Amma Azərbaycanda qeyri-neft sektoru da sürətlə artır. İndi bizim əsas diqqətimiz məhz bu sahəyə yönəldilibdir. Neftdən əldə olunan gəlirləri qeyri-neft sektoruna yönəltmək, insan kapitalına çevirmək, humanitar məsələlərin həllinə yönəltmək ki, Azərbaycan hərtərəfli inkişaf etsin və gələcəkdə neft amilindən asılı olmasın, yaxud da bu asılılıq aşağı düşsün. Büdcənin artımı, öz növbəsində, ölkə qarşısında duran bütün problemlərin, iqtisadi problemlərin həlli üçün gözəl imkanlar yaradır. 2007-ci ilin büdcə layihəsi yəqin ki, tezliklə Milli Məclisə göndəriləcəkdir. Büdcə qəbul ediləndən sonra 2007-ci ildə çox böyük işlər görmək mümkün olacaqdır. Azərbaycanda əsas infrastruktur layihələri 2007-2008-ci illərdə başa çatmalıdır. Elektrik stansiyalarının tikintisi, yolların, qaz xətlərinin, su kəmərlərinin, məktəb və xəstəxanaların tikintisi – bütün bunlar 2007-2008-ci illərdə başa çatmalıdır. Beləliklə, 2003-cü ildən 2008-ci ilə qədər nəzərdə tutulan bütün məsələlər öz həllini tapmalıdır. Bizim bu sahədə siyasətimiz çox açıqdır, aydındır. Prezident kimi mən çox istəyirəm ki, biz qısa müddət ərzində bütün o məqsədlərə çataq. Bunu etmək üçün bütün imkanlar var. Bir daha deyirəm, iqtisadi potensial bizə imkan verir, əlbəttə, ölkədə hökm sürən çox müsbət ictimai-siyasi mühit də öz tərəfindən buna imkan yaradır. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi ölkəmizdə və kənardan mövcud olan risklərin azaldılmasına gətirib çıxarır. Bu da bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Biz ölkəmizi qorumalıyıq, riskləri azaltmalıyıq, öz siyasətimizlə Azərbaycanda və Azərbaycanın ətrafında əməkdaşlıq məkanı yaratmalıyıq. Yalnız belə olan təqdirdə ölkəmiz sürətlə inkişaf edə bilər, biz öz istədiyimizə nail ola bilərik. Bundan sonrakı dövr ərzində Azərbaycanda hüquqi dövlət quruculuğu davam etdirilməlidir. Demokratikləşmə prosesləri daha da sürətlə aparılmalıdır. Bizi çox gözəl gələcək gözləyir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla icra olunan Azərbaycanın neft strategiyası öz bəhrələrini verməkdədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi tarixi nailiyyətdir. Bu kəmərin tikintisi Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasını müəyyən edəcəkdir. Belə olan halda, ölkəmizdə siyasi islahatların aparılması ön plana çıxmalıdır. Çünki çox güclü iqtisadi potensial, ölkəmizə böyük maliyyə axınları, əlbəttə, iqtisadi cəhətdən ölkəmizi gücləndirəcəkdir. Digər tərəfdən, böyük valyuta axınlarına çox ciddi nəzarət olmalıdır. Əlbəttə, həm dövlət, hökumət, Milli Məclis tərəfindən, digər tərəfdən isə ictimaiyyət tərəfindən. Çünki əgər ciddi ictimai nəzarət olmasa, onda bizim nəzərdə tutduğumuz proqramlar çətinliklərlə üzləşə bilər.

Ona görə vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir. Ona görə siyasi və iqtisadi islahatların davam etdirilməsi zəmanənin tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq. Mən hesab edirəm ki, 2008-ci ilə qədər Azərbaycanın qarşısında duran əsas siyasi və iqtisadi, o cümlədən sosial məsələlər öz həllini tapacaqdır. Çünki bir daha demək istəyirəm ki, biz fəaliyyətimizi çox konkret proqramlar əsasında qururuq. Mən artıq qeyd etdim ki, regionların sosial-iqtisadi inkişafı proqramı bölgələrdə həyat səviyyəsinin yaxşılaşmasına, yeni müəssisələrin yaradılmasına, iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır. Bildiyiniz kimi, artıq 450 minə qədər yeni iş yeri açılıbdır. Makroiqtisadi sabitlik və iqtisadi siyasətimizin bu istiqaməti ölkəmizdə xoşagəlməz halların qabaqlanmasına gətirib çıxaracaqdır. Bildiyiniz kimi, hər bir ölkədə əgər birdən-birə çox böyük iqtisadi imkanlar yaranırsa, deməli, inflyasiya riskləri də artır. Ona görə bizim makroiqtisadi siyasətimiz elə olmalıdır ki, bir tərəfdən, ölkəmiz qarşısında duran vəzifələr icra olunsun, digər tərəfdən, makroiqtisadi sabitlik pozulmasın. Bu, çox ciddi məsələdir. Bəlkə də, Azərbaycanın müasir tarixində ilk dəfədir ki, biz bu problemlə üzləşirik. Çünki bundan əvvəlki illərdə həmişə biz çalışırdıq ki, yeni maliyyə mənbələrini aşkar edək, maliyyə intizamını möhkəmləndirək və əlavə gəlir mənbəyi axtaraq. İndi isə neft strategiyamızın icrası nəticəsində Azərbaycana çox böyük həcmdə valyuta ehtiyatları gələcək və o, makroiqtisadi vəziyyətə mənfi təsir göstərə bilər. Bu da çox önəmli məsələdir. İnfrastruktur layihələrinin həyata keçirilməsi sistemli xarakter almışdır. Biz bütün əsas infrastruktur layihələrini 2008-ci ilə qədər başa çatdırmalıyıq. Çünki bu sahədə böyük işlər görülməlidir. Uzun illər maliyyə çətinlikləri ilə üzləşərək, bu sahəyə kifayət qədər vəsait ayrılmamışdır. Bu illərdə və növbəti illərdə bu sahəyə böyük vəsait ayrılmalıdır. Məktəb tikintisi - son iki il ərzində Azərbaycanda 600 məktəb tikilibdir, hamısı da çox müasir. Xəstəxanaların, sosial obyektlərin tikintisi. Ekoloji proqram qəbul edilibdir. Biz çox zəngin ölkəyə çevriləcəyik. Amma əgər ekoloji vəziyyət yaxşı olmasa, bizim insanlarımız böyük çətinliklərlə üzləşə bilərlər və onların sağlamlığına çox böyük zərər dəyə bilər. Yəni bütün bu sahələrdə 2008-ci ilə qədər əsas problemlər, məsələlər öz həllini tapmalıdır, Azərbaycan öz mövqelərini daha da möhkəmləndirməlidir.

Beynəlxalq aləmdə bizim siyasətimiz uğurludur. Siyasətin uğurlu olması onu göstərir ki, bütün beynəlxalq təşkilatlarda bizim fəaliyyətimiz, eyni zamanda, ikitərəfli müstəvidə müxtəlif ölkələrlə əlaqələrimiz Azərbaycan xalqının maraqlarına cavab verir. Burada ilk yerdə Azərbaycan xalqının və dövlətinin maraqları dayanır. Biz bu maraqları maksimum dərəcədə qoruyuruq. Bizim ikitərəfli münasibətlərimiz ölkəmizi daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda, habelə regional təşkilatlarda Azərbaycanın rolu artır. Regionda gedən işlərdə Azərbaycan artıq həlledici sözə malik olur və bir çox hallarda, biz region üçün çox önəmli layihələrin təşəbbüskarı və iştirakçısıyıq. Azərbaycanın iştirakı, bizim razılığımız olmadan artıq heç bir regional layihə mümkün deyildir. Əlbəttə ki, ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bizim beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlığımız var. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir də keçirilmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz maraqlarını təmin edir. Eyni zamanda, təşkilatların ümumi inkişafına da öz töhfəsini verir. Azərbaycan getdikcə daha da önəmli ölkəyə çevrilir və bu, artıq reallıqdır. İndiki Azərbaycan beş-on il əvvəlki Azərbaycandan çox fərqlənir. Bunu artıq bizimlə işləyən beynəlxalq təşkilatların nümayəndələri də görürlər. Biz bu imkanlardan ancaq və ancaq Azərbaycan xalqının maraqlarının təmin olunması üçün istifadə etməliyik. Biz bütün ölkələrlə əməkdaşlığa açığıq, xarici siyasətimiz səmimidir, dürüstdür. Bizim bütün bəyanatlarımız həyatda öz əksini tapır. Heç vaxt konyunktura naminə, yaxud da hansısa qısamüddətli nailiyyət naminə heç bir addım atmamışıq. Özümüzü çox ləyaqətli aparırıq. Eyni zamanda, əməkdaşlıq üçün də açığıq, artıq bu, reallıqdır. Azərbaycanın adı gələndə artıq beynəlxalq təşkilatlarda və bütövlükdə dünyanın siyasi icmasında Azərbaycanın adı çox böyük hörmətlə çəkilir. Ölkəmizin önəmi artır. Bunun səbəbi təkcə neft-qaz layihələri, təkcə Azərbaycanın əlverişli coğrafi vəziyyəti deyil. Azərbaycanda neft-qaz həmişə var idi. Çox çətin şəraitdə, çox böyük maneələrlə üzləşərək bu nefti, qazı çıxarmaq, xarici investorları cəlb etmək, neft kəmərlərini yaratmaq, dünya bazarına çıxarmaq çox böyük cəsarət, çox böyük müdriklik tələb edirdi. Bir də demək istəyirəm ki, bütün bu işlərin təşəbbüskarı Prezident Heydər Əliyev olmuşdur. Azərbaycanın coğrafi vəziyyəti də, sadəcə olaraq, özlüyündə böyük əhəmiyyət kəsb etmir. Əgər bizim düşünülmüş siyasətimiz olmasaydı, əgər Azərbaycanı bir regional mərkəzə çevirmək cəhdlərimiz baş tutmasaydı, coğrafi vəziyyətin heç bir əhəmiyyəti olmazdı. Dünyada bir çox ölkələr var ki, onların daha da əlverişli coğrafi vəziyyəti var. Əfsuslar olsun ki, Azərbaycan dünya bazarlarına birbaşa çıxışa malik deyildir.

Bizim bütün nəqliyyat və enerji layihələrimiz kəmərlər vasitəsilə, yaxud da tranzit vasitəsilə həyata keçirilir. Buna baxmayaraq, Azərbaycanda güclü nəqliyyat infrastrukturunun yaradılması bizim önəmimizi artırır. Biz bir neçə beynəlxalq layihələrin təşəbbüskarıyıq. Bu yaxınlarda başlayacağımız Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ölkədə yeni bir vəziyyət yaradacaqdır. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu vasitəsilə birləşdirən ölkəyə çevrilir və əlbəttə ki, regional işlərdə bizim önəmimiz artır.

Biz Avropa Birliyi ilə çox işgüzar münasibətlər yaradırıq. İslam dünyasında mövqelərimiz həddindən artıq möhkəmdir. Bu əməkdaşlıq bizim üçün çox önəmlidir. Regional təşkilatlarda və başqa təşkilatlarda Azərbaycanın əvəzolunmaz rolu var. Yəni biri, o birini istisna etmir. Əksinə, biri digərini tamamlayır. Azərbaycanın belə siyasəti bölgə üçün də çox böyük əhəmiyyət kəsb edir. Heç kim maraqlı deyil ki, bölgədə vəziyyət gərginləşsin. Heç kim maraqlı deyil ki, bölgədə mövcud olan problemlər hansısa xoşagəlməz nəticəyə gətirib çıxarsın. Biz siyasəti təmkinlə aparırıq. Bizim məqsədimiz var, bu məqsədə doğru gedirik və ona çatmaq üçün nə lazımdırsa edirik və edəcəyik.

Biz sözlə, əgər biz perspektivə baxsaq, Azərbaycanın qarşısında elə bir ciddi məsələ görmürük. Şəxsən mən görmürəm. Çünki hələ ki, əldə etmədiyimiz uğurlara bir neçə ildən sonra nail olacağıq. Hər halda, hər bir istiqamət üzrə proqram olduğu üçün bunu deməyə bütün əsaslarımız var.

Ölkəmiz qarşısında duran yeganə problem var ki, onun həlli təkcə bizdən asılı deyil, o da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu, yeganə məsələdir ki, təkcə bizdən asılı deyildir. Halbuki, biz əlimizdən gələni edirik və Azərbaycanın diplomatik səyləri də buna yönəldilibdir ki, bu məsələnin də həllinə nail olaq. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barəsində dəfələrlə rəsmi bəyanatlar da verilibdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyildir. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır. Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi icra olunmalıdır və işğala son qoyulmalıdır. Azərbaycan vətəndaşları, etnik təmizləmədən əziyyət çəkən vətəndaşlar öz torpaqlarına qayıtmalıdırlar. Bölgədə təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi mümkündür, biz də bunun tərəfdarıyıq və Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət statusu verilməlidir. Bu, bizim mövqeyimizdir. Bu mövqe həm tarixə əsaslanır - çünki yaxşı bilirik ki, biz erməniləri öz torpağımıza qonaq kimi qəbul etmişik. Bu mövqe həm də siyasi vəziyyətə əsaslanır - çünki siyasi vəziyyət artıq bizim xeyrimizə işləyir və getdikcə Azərbaycanın önəmi daha da artacaqdır. Əgər Ermənistanla Azərbaycanı tərəziyə qoysaq görərik ki, hansı ölkə daha da böyük önəm kəsb edir, hansı ölkənin potensialı nədir və hansı ölkəni nələr gözləyir. Yəni siyasi proseslərin inkişafı baxımından bizim vəziyyətimiz əlverişlidir.

Məsələnin hüquqi cəhətini deməyə də ehtiyac yoxdur. Biz hamımız yaxşı bilirik ki, hüquqi cəhətdən məsələ məhz bizim mövqeyimizin əsasında həll olunmalıdır.

Yəni bütün bu amilləri nəzərə alsaq və eyni zamanda, Azərbaycanın artan iqtisadi potensialını nəzərə alsaq görərik ki, məsələnin həlli üçün gözəl imkanlar var. Biz sadəcə, danışıqlar prosesinə sadiq qalaraq, eyni zamanda, öz işimizi, öz siyasətimizi və tədbirlərimizi davam etdirməliyik. Onlar da nədən ibarətdir: ilk növbədə, Azərbaycan güclənməlidir. Azərbaycan bütün iqtisadi, diplomatik, siyasi imkanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməlidir və Ermənistana qarşı siyasətimiz bundan sonra da çox fəal olmalıdır. Biz artıq informasiya hücumuna keçmişik. Biz iqtisadi hücuma keçməliyik və bütün beynəlxalq təşkilatlarda, bütün forumlarda, ikitərəfli formatda bu məsələ daim gündəlikdə olmalıdır. Ermənistanın işğalçı siyasətini ifşa etməliyik və bunu etməyə kifayət qədər dəlillər də, əsaslar da var.

Hərbi potensialımızı möhkəmləndirməliyik və bilirsiniz ki, mən Prezident seçiləndən sonra ilk günlərdən bu məsələ diqqət mərkəzində olmuşdur. Mən o vaxt da demişdim ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və yəqin ki, gələn il biz buna nail olacağıq. Biz bu təzyiqləri davam etdirməliyik. Əgər Ermənistan tərəfi bu təzyiqləri görməsə və bu təzyiqlərdən ehtiyatlanmasa, Azərbaycanın artan imkanlarından narahat olmasa, onlar işğal olunmuş torpaqlardan çətin ki, öz xoşları ilə çıxsınlar. Çünki bütün beynəlxalq normalara məhəl qoymayan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir. Bunun müxtəlif səbəbləri var. Siz bunların hamısını yaxşı bilirsiniz, bilirsiniz ki, bu səbəblər nədən ibarətdir. Amma bu, reallıqdır. Biz gərək bu reallığı bilək və bunun qarşısında öz reallığımızı, Azərbaycan reallıqlarını qoymalıyıq. Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır.

Mən bunu bir dəfə demişəm, bir də demək istəyirəm ki, bəzən Azərbaycanın ordu quruculuğu prosesi kimdəsə narahatlıq doğurur. Doğurmamalıdır, bu, bizim suveren hüququmuzdur. Biz neçə ildir ki, bu işğala dözürük. Bizim ən böyük güzəştimiz sülh danışıqlarına sadiqliyimizdir. Ancaq biz bütün bu imkanlardan istifadə edib yeni vəziyyət yaratmalıyıq. Bir də demək istəyirəm ki, hərbi potensialın möhkəmlənməsi avtomatik olaraq müharibənin başlamasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə hazır olmalıdır, o cümlədən ərazisi işğal edilmiş və müharibə vəziyyətində yaşayan ölkə. Ancaq bununla bərabər, əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə edib Ermənistana çox güclü təzyiq edə biləcəyik. Artıq bunlar görünməkdədir.

Biz daim hücum etməliyik. İstəyimizə nail olmaq üçün hamımız bütün sahələrdə, bütün təşkilatlarda fəal olmalıyıq. İqtisadi amillərdən istifadə etməliyik və bu imkanlar getdikcə daha da artacaqdır. Bu məsələ ilə əlaqədar hökumətə tapşırıqlar verilibdir. Yəni Azərbaycan Ermənistandan yüz dəfə zəngin ölkə olandan sonra, bəlkə də, müharibə variantına heç ehtiyac qalmayacaqdır. Yəni biz bütün imkanlardan istifadə etməliyik ki, öz hüququmuzu bərpa edək. Bu, bizim hüququmuzdur. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik. Bu işdə bütün ictimaiyyət bir olmalıdır. Bu birlik bu gün var. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Bəzi hallarda opponentlərimiz istəyirlər bizi tənqid etsinlər ki, Qarabağ məsələsi niyə həll olunmur. Ona görə həll olunmur ki, Azərbaycan bizi qane etməyən razılaşmaya heç vaxt getməyəcəkdir. Ona görə həll olunmur ki, bütün təzyiqlərə baxmayaraq, Prezident kimi mən Azərbaycan dövlətinə, Azərbaycan xalqına sərf etməyən razılaşmaya getməyəcəyəm.

Mən demişəm, bu, elə məsələdir ki, təkcə bizim istəyimizdən asılı deyildir. Ona görə biz işləməliyik, fəal olmalıyıq. Yenə də deyirəm, bütün gücümüzü səfərbər etməliyik. Bu məsələdən başqa bizim qarşımızda ciddi məsələ yoxdur. Bu, bir nömrəli məsələdir və əlbəttə ki, biz bütün imkanlarımızı bu məsələnin həllinə yönəltməliyik, yönəldəcəyik və hamı bunu bilməlidir. Biz bu məsələnin həllinə çalışırıq, ədalətli həllinə çalışırıq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Mən buna şübhə etmirəm.

Biz bununla bərabər, məsələnin həlli işində beynəlxalq təşkilatlarla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Minsk qrupunun həmsədrləri bu gün yenidən Bakıya gəlmişlər. Biz Minsk qrupunun formatından imtina etmək fikrində deyilik. Eyni zamanda, hesab edirik ki, başqa təşkilatların da iştirakı bu məsələnin həllinə kömək göstərə bilər. Düzdür, Ermənistan tərəfi çalışır ki, BMT-də məsələnin müzakirəyə çıxarılmasını əsas tutub danışıqları pozsun. Ancaq bu, onların öz işidir, onlar danışıqları poza bilərlər. Əgər bəhanə axtarırlarsa, bu bəhanəni tapmaq çətin deyildir. Azərbaycan özünü konstruktiv aparır, danışıqlarda iştirak edir və ümid edir ki, danışıqlar nəticəsində məsələ öz həllini tapa bilər.

Əziz dostlar, bir daha demək istəyirəm ki, ölkəmizin gələcək inkişafını mən çox açıq və parlaq görürəm. Azərbaycan hansı ölkəyə çevriləcək, beş ildən, on ildən, iyirmi ildən sonra Azərbaycanın mövqeləri necə olacaq, Azərbaycanın iqtisadi potensialı necə olacaq, insanların həyat səviyyəsi necə olacaq - bütün bunlar bizi düşündürür. Çünki biz ölkəmizin gələcəyi üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün işləyirik.

Hamımız istəyirik ki, ölkəmiz müasir, zəngin, qüdrətli dövlətə çevrilsin. Azərbaycanda insanlar yaxşı yaşasınlar, zəngin olsunlar, iqtisadiyyatımız güclü olsun, siyasi imicimiz güclü olsun, bölgədə gedən proseslərə təsir imkanlarımız daha da artsın. Biz bunu istəyirik. Yəqin ki, hər bir ölkə bunu istəyər. Amma istəmək və bunu etmək başqa-başqa məsələlərdir. Bunu etmək üçün, arzularımızı həyata keçirmək üçün bizim imkanlarımız var.

Deyə bilərəm ki, indi bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq - bu, bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun alilliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Bütün istiqamət üzrə bizim proqramımız var. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq və Azərbaycan xalqı bundan sonra daha da yaxşı yaşayacaqdır. Bütün bu məqsədlərimizə çatmaq üçün biz gərək səmərəli işləyək.

Milli Məclisin yeni təmir olunmuş binasında səmərəli işləmək üçün çox böyük imkanlar var. Mən bu gün səhər buraya gələrkən əvvəlki vəziyyəti xatırlayırdım və əlbəttə, siz də bunu görürsünüz ki, çox böyük fərq var. Hətta dedim ki, kaş mən burada işlədiyim dövrdə də belə bir təmir olaydı, amma eybi yoxdur, yəqin ki, bundan sonra tez-tez görüşəcəyik. Mən sizə uğurlar arzulayıram. Bir daha demək istəyirəm, çox şadam ki, Milli Məclisin deputatları öz işlərinə çox böyük məsuliyyətlə yanaşırlar. Seçicilərlə daim təmasdadırlar. Azərbaycanda mütərəqqi qanunların qəbul olunmasında fəal iştirak edirlər. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər və beləliklə, Milli Məclisin rolu, nüfuzu artır. Cəmiyyət də bunu görür və buna təqdirlə yanaşır. Mən də bunu görürəm. Mən də buna sevinirəm və bu kürsüdən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, biz gələcəkdə də birlikdə işləyəcəyik, ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).

X X X

Milli Məclisin sədri Oqtay Əsədov dərin məzmunlu nitqinə görə Prezident İlham Əliyevə deputatlar adından minnətdarlığını bildirdi.

X X X

Sonra Oqtay Əsədovun sədrliyi ilə Milli Məclis öz işini davam etdirdi. Sədr Milli Məclisə mayın 13-də keçirilmiş təkrar seçkilərdə qalib gəlmiş deputatları təbrik etdi, onlara uğurlar arzuladı.

İclasın gündəliyi təsdiqləndi.

Oqtay Əsədov gündəlikdəki birinci məsələ - “Milli Məclisin 2006-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsi ilə bağlı dedi ki, parlament payız sessiyası dövründə Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim etdiyi qanun layihələrinə, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Konstitusiya Qanununa, “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Konstitusiya Qanununa, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə”, “İnvestisiyalar haqqında”, “Tikinti fəaliyyəti haqqında” və s. qanun layihələrinə münasibət bildirəcəkdir.

İş planı təsdiqləndikdən sonra Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, daimi komissiyaların və Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edildi. Daha sonra “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin edilməsi haqqında” və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Konstitusiya qanunlarına baxılmışdır. Oqtay Əsədov bildirdi ki, hər iki layihə 2005-ci ilin dekabrında birinci oxunuşda qəbul olunmuşdur. Konstitusiyaya görə, layihələr 6 aydan sonra təkrar səsverməyə çıxarılmalıdır. Deputatlar 102 səs çoxluğu ilə hər iki layihəni təsdiqlədilər.

Milli Məclis həmçinin Azərbaycan Respublikasının Qırğızıstanın Bişkek, Tacikistanın Düşənbə, Litvanın Vilnüs, Tailandın Banqkok və Meksikanın Mexiko şəhərlərində səfirliklərinin təsis edilməsinə razılıq verdi, YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Birgə Bəyanatının təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında” Birgə Bəyanatın təsdiq edilməsi barədə”, eləcə də Azərbaycan Respublikası ilə bir sıra beynəlxalq təşkilatlar arasında əlaqələrin inkişafına dair saziş və müqavilələri təsdiq etdi.

İclasın sonunda “Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” qanunlar qəbul olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Tikintiyə yaramayan səhra qumu

Leyləklərin miqrasiyasının azalmasının səbəbi məlum olub

Belqorodun atəşə tutulması nəticəsində bina uçub, 12 nəfər ölüb

Fransa DİN: Olimpiya məşəlinə qarşı 12 aksiyanın qarşısı alınıb

Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Yelkən Federasiyanın vitse-prezidenti: Növbəti hədəf “Los Anceles-2028” Yay Olimpiya Oyunlarıdır

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

İrakli Kobaxidze: Gürcüstanda polisə qarşı zorakılıq etmək istəyənlər var

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO