RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ŞEYX HƏMƏD BİN XƏLİFƏ AL TANİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ŞEYX HƏMƏD BİN XƏLİFƏ AL TANİNİN TƏKBƏTƏK GÖRÜŞÜ](/files/2007/2/1200x630/14869814683184441794_1200x630.jpg)
Avqustun 28-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycanla Qətər arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Prezident İlham Əliyev Qətərə rəsmi səfərini xatırlatdı, həmin səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyini bildirdi.
Dövlətimizin başçısı Qətərdə Azərbaycanın səfirliyinin fəaliyyətə başlayacağını söylədi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün bir sıra layihələrin mövcudluğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycanla Qətər arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğuladı, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirdi.
Qətərin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani də ölkəsinin BMT-də Azərbaycanı dəstəklədiyini vurğuladı. İki dövlət arasında münasibətlərin əla səviyyədə olduğunu bildirən Əmir tezliklə Azərbaycanda Qətərin səfirliyinin fəaliyyətə başlayacağını söylədi.
Prezident İlham Əliyev iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu, Azərbaycanın mühüm neft və qaz ixracatçılarından birinə çevrildiyini vurğuladı. Qətərin də bu baxımdan dünyada öncül yerlərdən birini tutduğunu deyən dövlətimizin başçısı qarşılıqlı surətdə faydalı iqtisadi və investisiya layihələrinin reallaşdırılması üçün hərtərəfli potensial imkanlar olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.