İQTİSADİYYAT
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzinin yeni inzibati binası istifadəyə verilmişdir
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzinin yeni inzibati binası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və bp-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell iştirak etmişlər.
Bildirilmişdir ki, ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuş ikimərtəbəli binanın birinci mərtəbəsində geokimyəvi, analitik, PVT və kern analizi laboratoriyaları, ikinci mərtəbəsində isə iş otaqları, yeməkxana, akt zalı, server otağı mövcuddur. Binanın ətrafında abadlıq işləri aparılmış, həyətdə Kern Saxlama Kompleksi tikilmişdir.
Vurğulanmışdır ki, 1996-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Norveçdə rəsmi səfərdə olan zaman Norveç hökuməti tərəfindən laboratoriya kompleksi ona hədiyyə olunmuş, kompleksin Azərbaycana gətirilməsi və quraşdırılması “Statoil” şirkəti tərəfindən həyata keçirilmişdir. Kompleks hazırda genişləndirilərək regionun ən böyük tədqiqat mərkəzlərindən birinə çevrilmişdir. Müəssisənin fəaliyyət sahəsinə axtarış-kəşfiyyat və istismar quyularından götürülmüş nümunələr üzərində geniş tədqiqat işləri aparmaq, litostratiqrafik və biostratiqrafik kəsilişi tərtib etmək, geokimyəvi tədqiqatlar və PVT eksperimentlər aparmaq və s. daxildir.
Quyulardan nümunələrin götürülməsi, stasionar avadanlıqlarla quyularda tədqiqat işlərinin və ekspress analizlərin aparılması yüksək ixtisaslı və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Götürülmüş nümunələr bütün lazımi avadanlıqlarla təchiz olunmuş beynəlxalq standartlara uyğun Kern Saxlama Kompleksində saxlanılır.
“Azlab” ölkə ərazisində fəaliyyət göstərən digər xarici və yerli şirkətlərin axtarış-kəşfiyyat və istismar quyularından götürülən kern, neft, kondensat və qaz nümunələrinin geniş tədqiqatını aparmaqla yanaşı, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi region ölkələrinin bir çox şirkətləri ilə də sıx əməkdaşlıq edir.
2005-ci ildən bu müəssisə Dübəndi terminalında “Günəşli” və “Neft daşları” yataqlarından hasil edilən neftin, 2013-cü ildən isə ARDNŞ-in ölkə ərazisində mövcud olan bütün terminallarında benzinin və dizelin kəmiyyət və keyfiyyətinə beynəlxalq standartlar səviyyəsində nəzarəti həyata keçirir. “Azlab” Kəşfiyyat və Tədqiqat Mərkəzi işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin mühafizəsi məsələlərinə böyük önəm verir və bu sahədə beynəlxalq sertifikatlara malikdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev yeni inzibati binada yaradılmış şəraitlə tanış olmuş, görülmüş işlərdən razı qaldığını söyləmişdir. O, yeni binanın açılışı münasibətilə kollektivi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Rövnəq Abdullayev neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.