SİYASƏT
Azərbaycan səfirliyi yəhudi icmasının ənənəvi dini bayramına dəstək göstərmişdir
Vaşinqton, 6 aprel (AZƏRTAC) Vaşinqtonda Amerika Yəhudi Komitəsinin nəzdində fəaliyyət göstərən Müsəlman və Yəhudi icmaları arasında Etiqadlararası Dialoq Forumunun təşəbbüsü və Azərbaycan səfirliyinin dəstəyi ilə yəhudi icmasının ənənəvi dini bayramı Eksodus
münasibətilə mərasim keçirilmişdir. Tədbirdə açılış nitqi ilə çıxış edən forumun təsisçiləri Stuart Levi və Pərviz Xan müasir dünyada fikir ayrılıqlarının mövcudluğu şəraitində müxtəlif etiqadları təmsil edən insanların bir araya gətirilməsi ideyasının dinlər arasında ortaq dəyərlərin üzə çıxmasına yardımçı olduğunu bildirmişdir. Natiqlər Azərbaycanın dini dözümlülüyün təşviqi sahəsində qazandığı imicin nümunəvi olduğunu qeyd etmişdir.
Mərasimdə çıxış edən səfirliyin müşaviri Məmməd Talıbov ölkəmizin etnik və dini rəngarəngliyinə görə daim fəxr etdiyini və dövlətimizin rəhbərliyi tərəfindən tolerantlığın təşviqinin daxili siyasətin mühüm tərkib hissəsi olduğunu qeyd etmişdir. Buna misal olaraq, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq üzrə keçirilmiş irimiqyaslı beynəlxalq konfranslar üçün ideal məkan olduğunu diqqətə çatdırmışdır. M.Talıbov ölkəmizdə məskunlaşmış digər etnik və milli azlıqlarla yanaşı, yəhudi icmasının da heç bir ayrı-seçkiliyə məruz qalmadan tarixən yaşadığını və dini ayinlərinin sərbəst şəkildə icrası və bayramların qeyd edilməsi üçün bütün mümkün şəraitin yaradıldığını qeyd etmişdir.
2009-cu ildə təsis edilmiş forumun məqsədi müxtəlif sosial, mədəni tədbirlərin keçirilməsi yolu ilə yəhudi və müsəlman icmalarının bir araya gətirilməsidir. Forumun təşəbbüsü və ABŞ-da akkreditə olunmuş müxtəlif səfirliklərin dəstəyi ilə müsəlman və yəhudi icmalarının ənənəvi dini bayramları qeyd edilir.
Yusif Babanlı
Vaşinqton