SİYASƏT
AZƏRBAYCAN-SLOVENİYA ƏLAQƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Vyana, 19 yanvar (AZƏRTAC). Yanvarın 18-də Sloveniyanın paytaxtı Lyublyanada bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun şərəfinə Yeni il qəbulu təşkil edilmişdir.
Mərasimdə Sloveniya Prezidenti Danilo Türk, Baş nazir Borut Pahor, xarici işlər naziri Samuel Jboqar, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
Sloveniya Prezidenti D.Türk mərasimdə çıxış edərək, ötən il ərzində ölkəsinin müxtəlif sahələrdə göstərdiyi fəaliyyətə dair məlumat vermiş, nailiyyətləri qeyd etmiş, 2010-cu ildə qarşıda duran vəzifələrə toxunmuşdur. Prezident xüsusilə qeyd etmişdir ki, Sloveniya Avropa İttifaqı çərçivəsində Avropanın cənub-şərqində yerləşən ölkələrlə münasibətləri dərinləşdirməyə səy göstərəcəkdir.
Vatikan Dövlətinin apostol nunsisi diplomatik korpus adından ölkə Prezidentinə müraciət edərək, dəvətə görə təşəkkürünü bildirmişdir.
Mərasimdə Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Gəray Muradovun ölkə rəhbərliyi ilə qısa söhbəti olmuşdur. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri müzakirə edilmiş, iqtisadiyyat və mədəniyyət əlaqələrinin dərinləşdirilməsi imkanlarına toxunulmuşdur. Prezident D.Türk mədəni əlaqələrin vacibliyini vurğulayaraq, hər iki xalqın qəhrəmanı – Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi üçün lazımi göstərişlər verdiyini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, qarşılıqlı investisiyaların cəlb edilməsi mühüm əhəmiyyət daşıyacaqdır və bu sahədə imkanlar genişləndirilməlidir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana