İDMAN
Azərbaycan taekvandoçuları növbəti sınaq qarşısındadırlar
Bakı, 9 mart (AZƏRTAC). Bu günlərdə İranın Urmiyyə şəhərində ənənəvi “Fəcr” turnirindən 6 mükafatla dönən böyüklərdən ibarət milli komandamız daha bir nüfuzlu yarış ərəfəsindədir. Taekvondoçularımız 12-13 mart tarixində gənclər və böyüklər arasında Almaniyanın Açıq Çempionatında (“German Open”) mübarizə aparacaqlar. Milli komandanın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev, məşqçi Elnur Amanov və olimpiya seçmə komandasını çalışdıran koreyalı mütəxəssis Con Conqbayın rəhbərliyi ilə Hamburqdakı turnirdə 11 kişi və 10 qadın idmançıdan ibarət heyət iştirak edəcəkdir.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Fariz Əliyev, Kvanq Suk Kim, İlkin Şahbazov (hər üçü - 68 kq), Elvin Məmmədov, Namaz Heydərov (hər ikisi - 74 kq), Rəşad Əhmədov, Ramin Əzizov (hər ikisi - 80 kq), Təvəkkül Bayramov (87 kq) və Aydın Bəhməlov (87 kq-dan yuxarı), həmçinin Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli, Fatma Əhmədova (hər ikisi - 49 kq), Günay Ağakişiyeva, Fərqanə Qurbanova (hər ikisi - 62 kq), Vonkyunq Kim, Yelena Abbasova (hər ikisi - 67 kq) yarışın ilk günü dayang üzərinə çıxacaqlar. Martın 13-də isə Samir Aydınov (54 kq), Rövşən Bayramov (63 kq), Nigar Hacıyeva, Aygül Abdullayeva (hər ikisi - 53 kq) və Səbinə Mikayılovanın (57 kq) nəticələri məlum olacaqdır.