MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutu ilə AMEA-nın Folklor İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanmışdır
Bakı, 22 aprel (AZƏRTAC, Elvira Məmmədova). Aprelin 22-də Azərbaycan Turizm İnstitutunda (ATİ) bu ali təhsil ocağı ilə AMEA-nın Folklor İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə ATİ-nin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov və Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov tədbirin əhəmiyyətindən danışmış, iki elm müəssisəsi arasında əlaqələrin qurulmasının vacibliyini vurğulamışlar.
Bildirilmişdir ki, sənəddə Azərbaycan xalqının milli mənəvi sərvətlərinin, qeyri-maddi mədəni irsinin, tarixi-etnoqrafik dəyərlərinin toplanması, tədqiqi və bu istiqamətdə əldə edilmiş nəticələrdən ölkənin turizm imkanlarının genişləndirilməsində, Azərbaycanın dünya turizm bazarına inteqrasiyasında, sülhsevər və qonaqpərvər xalqımızın gözəl ənənələrinin təbliğində səmərəli istifadə edilməsi məsələləri öz əksini tapmışdır. Eyni zamanda, Azərbaycanda yaşayan azsaylı xalqların folklor ənənələrini, yerli şəraiti, ekoloji imkanları nəzərə alaraq etnoqrafik və dini turizmin inkişafı ilə bağlı birgə tədbirlərin təşkili, xalq inancları, inam yerləri və ziyarətgahlarla bağlı öyrənilməsi, toplanması, nəşri və tədqiqi, bu istiqamətdə yerli və beynəlxalq turizm marşrutlarının təşkil olunması ilə bağlı təkliflərin hazırlanması, turizmin inkişafı ilə bağlı yerli imkanların öyrənilməsi, elmi tədqiqatların aparılması, turizm kadrlarının hazırlanması prosesində mövcud imkanlardan qarşılıqlı səmərəli istifadə edilməsi, birgə elmi konfransların, seminarların, ezamiyyələrin və digər tədbirlərin təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandumun praktik icrasını təşkil etmək məqsədilə hər iki tərəfdən müvafiq əmrlə rəsmiləşdirilmiş mütəxəssislər qrupunun yaradılması da nəzərdə tutulur.
Sonra C.Cəfərov və M.İmanov əməkdaşlıq memorandumunu imzalamışlar.
Tədbir çərçivəsində ATİ və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan əfsanələr diyarı” mövzusunda konfrans keçirilmişdir.
Konfransda çıxış edən alimlər Folklor İnstitutunun əməkdaşlarının Azərbaycanın bölgələrində apardıqları uğurlu elmi-tədqiqat işlərindən söhbət açmış, bu əlaqələrin Azərbaycan folklorunun turizm vasitəsilə dünyada tanıdılması işinə töhfələr verəcəyini vurğulamışlar.