SİYASƏT
Azərbaycan, Türkiyə və Rusiya vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Azərbaycan, Rusiya, Türkiyə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı üzrə üçtərəfli formatda müzakirələr keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun və Türkiyə Eko-Avrasiya Sivil Toplum Quruluşunun sədri İsmayıl Safinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak etmişlər.
Azərbaycan, Türkiyə və Rusiya arasında möhkəm dostluq münasibətlərinin olduğunu deyən A.Quliyev bildirmişdir ki, bu əlaqələr vətəndaş cəmiyyəti təşkilatları müstəvisinə də qaldırılmalıdır. Qeyd edilmişdir ki, hər üç ölkənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıqla bağlı Əlaqələndirmə Şurası yaradılmalıdır. Bu Şura gələcəkdə uğurlu əməkdaşlığın əlaqələndirmə məsələsini üzərinə götürməlidir.
S.Markov qeyd etmişdir ki, hər üç ölkə yerləşdikləri regionların liderləridir və bu sahədə əməkdaşlıq uğurlu nəticələr verə bilər. Vurğulanmışdır ki, gələcəkdə Azərbaycan, Rusiya və Türkiyə QHT-lərinin əməkdaşlığı üzrə səmərəli fəaliyyət planının hazırlanması vacibdir. Regionda sabitliyin, inkişafın qorunmasına töhfə verəcək üçtərəfli əməkdaşlığın yeni formatı müəyyənləşdirilməlidir.
İ.Safi isə bildirmişdir ki, QHT-lərin potensialından istifadə edərək ölkələrimizin vətəndaş cəmiyyətlərinin inteqrasiyasına nail olunmalıdır.
Müzakirələrdə QHT-lərin regional və beynəlxalq əməkdaşlığının təşkil edilməsi istiqamətində keçirilən səmərəli danışıqlar nəticəsində münasibətlərin qarşılıqlı ictimai fayda və milli maraqların müdafiəsi üzərində qurulmasının vacibliyi vurğulanmışdır.
Tədbirdə əməkdaşlığın reallaşdırılması və təşkilati-texniki təminatı üçün konkret təkliflər paketinin hazırlanması barədə razılıq əldə olunmuş, üçtərəfli görüşün Moskvada keçirilməsi təklif edilmişdir.