ELM VƏ TƏHSİL
Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 23 iyun (AZƏRTAC). Azərbaycan Universitetinin (AU) müəllimləri Tamerlan Rəcəbov və Cavid Şahmalıyev İsveçin Lund Universitetində olmuşlar. Səfərin əsas məqsədi Azərbaycanda sosial iş ixtisasının inkişafına xidmət edəcək kadrların hazırlanması üçün Lund Universitetinin təcrübəsinin öyrənilməsi, tələbə-müəllim mübadiləsinin genişləndirilməsidir. Lund Universitetində təcrübə keçən AU-nun müəllimləri bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti ilə görüşərək müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmışlar.
AU-dan AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində müəllimlər sosial iş məktəbində, sosial rifah departamentində, beynəlxalq əlaqələr ofisində görüşlər keçirmiş, yeni və maraqlı imtahan metodları ilə tanış olmuş, “Azərbaycanda sosial problemlər və sosial iş təhsilinin inkişafı” mövzusunda interaktiv seminar təşkil etmişlər.
AU-nun əməkdaşları sosial rifah departamentində sahə təcrübəsində olan tələbələr və onların rəhbərləri ilə görüşmüşlər. Görüşdə sahə işinin təşkili, tələbə və onun rəhbəri arasında əməkdaşlıq, sahə işi zamanı yaranan çətinliklər və onların aradan qaldırılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı bildirilmişdir ki, burada tələbələrin əksəriyyəti dövlət sosial xidmət qurumlarında təcrübə keçirlər. Tələbələr istəklərini qeyd edə bilərlər, lakin son halda onların harada təcrübə keçəcəyini universitet müəyyən edir. Sahə rəhbərləri hər tədris ilinin əvvəlində universitetdə xüsusi təlimlər keçirlər. Sahə təcrübəsi keçən tələbənin həm sahədə, həm də universitetdə rəhbəri olur və onlar arasında müqavilə imzalanır.
AU-nun müəllimləri İsveçə səfər çərçivəsində, həmçinin beynəlxalq əlaqələr ofisində olmuş, buranın proqram direktoru Hugo Bragioni ilə görüşərək AU və Lund Universiteti arasında əməkdaşlığın maliyyə məsələlərini müzakirə etmişlər. Görüşdə Tempus proqramının geniş imkanları nəzərdən keçirilmiş və AU-nin sosial iş departamenti ilə Lund Universitetinin sosial iş məktəbi arasında əməkdaşlıq haqqında rəsmi sənədlər imzalanmışdır.