REGİONLAR
Azərbaycan və Çexiyanın tədqiqat institutları əməkdaşlıq edəcək









Quba, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Çex Respublikasının Holovousı Seleksiya və Pomologiya Tədqiqat İnstitutunda birgə əməkdaşlıq haqqında müzakirələr aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti müasir standartlara cavab verən laboratoriyalar, istixanalar və digər infrastruktur imkanları ilə təchiz olunmuş institutda seleksiya, bitki mühafizəsi, fitopatologiya, mikroklonal çoxaltma, molekulyar biologiya üzrə aparılan tədqiqat işləri, alma, gavalı və gilas bağlarında müxtəlif becərilmə texnologiyaların öyrənilməsi üzrə aparılan təcrübə işləri və meyvə bağları ilə yaxından tanış olub.
Holovousı Seleksiya və Pomologiya Tədqiqat İnstitutu 70 ilə yaxındır ki, fasiləsiz olaraq meyvəçilik sahəsində fəaliyyət göstərərək meyvə bitkilərinin seleksiyasının tədqiqi ilə məşğul olur. İnstitutun mandatına və elmi-tədqiqat fəaliyyətinə Çexiya ərazisində yetişdirilən bütün meyvə növləri daxildir. İnstitutun seleksiyasına aid 85 meyvə növü qeydiyyata alınıb, Çex Respublikasında və sonradan Avropa İttifaqında patentləşdirilib. İki gilas sortuna ABŞ Bitki Patenti verilib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, direktor müavinləri Sevil Süleymanova və Ramazan Yaşardan ibarət nümayəndə heyəti Holovousı Seleksiya və Pomologiya Tədqiqat İnstitutunun istehsalat üzrə direktoru Tomas Zmeskal, elmi tədqiqat işləri üzrə direktor Jaroslav Vacha, Genetik Ehtiyatlar Departamentinin müdiri Boris Krska və başqaları ilə görüşlər keçirərək iki institut arasında qurula biləcək əməkdaşlıq imkanlarını müzakirə edib. Çexiyanın sütunvari alma çeşidləri və bəzi gilas sortlarından ibarət bağları haqqında ilkin müzakirələr aparılıb.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti Çexiyanın özəl meyvəçilik şirkətinin alma, armud və gavalı bağlarından, saxlanma anbarları və soyuducularından, eləcə də şirə istehsalı sexindən ibarət istehsalat kompleksi ilə yaxından tanış olub.