İQTİSADİYYAT
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmişdir
Bakı, 13 iyul (AZƏRTAC). İran İslam Respublikasının Astara və Biləsuvar gömrük idarələrində Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında görüşlər keçirilmişdir.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, görüşlər iki ölkə arasında gömrük işi sahəsində imzalanmış sazişin müddəalarına müvafiq olaraq gerçəkləşmişdir.
Astrada keçirilmiş görüşdə məlumat verilmişdir ki, yaxın zamanlarda İran İslam Respublikasının Astara gömrük buraxılış məntəqəsində X-Ray yoxlama aparatı quraşdırılacaqdır. Beləliklə daşınan malların yoxlanılması daha da sürətlənəcəkdir.
Eyni zamanda, hər iki tərəfin fasilə vaxtları, bayram günlərinin siyahısının mübadilə edilməsi barədə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikasında daimi qeydiyyatda olan yüngül avtonəqliyyat vasitələrinin İran İslam Respublikası ərazisinə daxil olmaları zamanı yaranan problemlərin yaxın zamanda həll ediləcəyi də bildirmişdir.