Azərbaycan Xorvatiyada “Viro Expo 2022” beynəlxalq sərgisində təmsil olunub
Zaqreb, 7 sentyabr, AZƏRTAC
Xorvatiyanın Baş naziri Andrej Plenkoviçin iştirakı ilə “Viro Expo 2022” İqtisadi, Peşə və Kənd Təsərrüfatı beynəlxalq sərgisinin açılışı olub. Müxtəlif yerli və xarici şirkətlərin qatıldığı sərgi iş adamları və biznes dairələri arasında əlaqələrin yaradılması üçün mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, sərgidə iştirak edən ölkəmizin stendində Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən kitablar və açıqcalar, o cümlədən Polşada fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi” tərəfindən göndərilmiş və ölkəmizdə istehsal olunmuş müxtəlif çeşidli qablaşdırılmış məhsullar, içkilər nümayiş olunub.
Sərgi zamanı ölkəmizə məxsus kitablar, suvenirlər, spirtli içkilər, meyvə şirələri, müxtəlif çeşidli kənd təsərrüfatına aid qablaşdırılmış konservlər iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar bir neçə dəfə təxirə salınan “Viro Expo” sərgisinə regionda yerləşən ölkələrin tanınmış firma və şirkətləri qatılaraq istehsal etdiyi müxtəlif çeşidli mal və avadanlıqları nümayiş etdirirlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb