SİYASƏT
Azərbaycan Yunanıstanda keçirilmiş “Aralıq dənizi neft–qaz 2013” konfransında təmsil olunmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) iyunun 11-12-də Afinada Yunanıstanın Enerji Nazirliyinin və “Enerji Stream” şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş IV illik “Aralıq dənizi neft-qaz 2013” konfransında akademik tərəfdaş kimi iştirak etmişdir.
SAM-dan AZƏRTAC-a bildirmişlər ki, konfransda mərkəzin enerji üzrə eksperti Gülmira Rzayeva məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın qaz paylayıcı sistemi olan DESFA-nın özəlləşdirilməsində maraqlıdır. ARDNŞ-in burada əsas məqsədi şirkətin uzunmüddətli strategiyasına uyğun olaraq Yunanıstanın qaz bazarına sərmayələrin yatırılması sistemini inkişaf etdirməkdir. Bu da gələcəkdə Azərbaycandan hər hansı boru xətti ilə Yunanıstana idxal ediləcək mavi yanacağın həcminin artırılmasına səbəb ola bilər.
Konfransda Yunanıstanın enerji nazirinin müavini Yannis Maniatis, Yunanıstanın dəniz, daşınma və Egey dəniz məsələləri naziri Konstantinos Mussurulis, Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr departamentinin baş katibi Panayotis Mixaylos, DESFA-nın prezidenti Corc Papasenos, iqtisadi inkişaf nazirinin müavini Notis Mitarachi və başqaları məruzələrlə çıxış etmişlər.