CƏMİYYƏT
“Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində donorlarla görüş olub
Bakı, 20 aprel, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) BMqT-nin İnkişaf Fondunun maliyyələşdirdiyi “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində donorlarla görüş təşkil ediblər.
DMX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev region ölkələrinin hökumətlərarası və idarələrarası əməkdaşlığı gücləndirən, qabaqcıl təcrübə və standartları paylaşmağa imkan verən və miqrasiya mövzularında regional dialoqu genişləndirən layihənin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, layihə DMX, BMqT, regionun və kənar ölkələrin qurumları arasında əməkdaşlığın gələcək inkişafına mühüm töhfə verib.
Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin səmərəliliyini və perspektivini vurğulayan V.Qyorqiyev region ölkələrinin miqrasiya qurumlarının nümayəndələri üçün Azərbaycanda keçirilən təlimlərlə yanaşı, BMqT-nin Türkiyə və Özbəkistanda da birgə təlimlər keçirdiyini bildirib. Bu təlimlərin region ölkələri, beynəlxalq və yerli təşkilatlar arasında əməkdaşlığın genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, təlimlər həm də miqrasiya sahəsində təcrübəli kadrların yetişdirilməsinə zəmin yaradır. Bu təlim mərkəzinin uğurunun əsas təminatıdır.
Görüşdə iştirakçılar - aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin və səfirliklərin nümayəndələri layihənin təqdimatı, Miqrasiya üzrə Regional Təlim Mərkəzinin işi, təlim proqramları, mərkəzin internet səhifəsi və tədris mərkəzinin inkişaf perspektivləri ilə tanış olublar.
Sonda təşkilatçılar potensial donorları orta və uzunmüddətli mərhələlər çərçivəsində region üçün mühüm əhəmiyyət daşıyan layihəni dəstəkləməyə çağırıblar.
“Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökumətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edən Miqrasiya üzrə Regional Təlim Mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləyir.