İQTİSADİYYAT
Azərbaycanda mühasibat uçotu sistemində aparılan islahatlara dünyada maraq artır
Bakı, 21 yanvar (AZƏRTAC). Avstriyanın paytaxtı Vyana şəhərində Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi (World Bank Centre for Financial Reporting Reform) tərəfindən “Mühasibat uçotu və Auditin Təhsili üzrə Peşəkarlar Birliyinin praktik seminarı” keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsinin İdarəetmə Qrupunun direktoru Fuad Nəsirov və Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov seminarda iştirak etmişlər. Dünya Bankının Maliyyə Hesabatları üzrə İslahatlar Mərkəzinin baş maliyyə məsləhətçisi Alexander Favcet və Fuad Nəsirovun “Azərbaycan - mühasibat uçotu sahəsində yeni ixtisaslaşmanın yaradılması: çağırışlar və imkanlar” mövzusunda məruzələri dinlənilmişdir.
Məruzəçilər respublikamızda Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi çərçivəsində əldə olunmuş təcrübəni, yaradılmış hibrid ixtisaslaşma modelinin üstünlüklərini diqqətə çatdırmışlar.
A.Favcet Azərbaycannın bu sahədəki təcrübəsinin Şərqi Avropa və MDB ölkələrində tətbiqini tövsiyə etmişdir.