MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar İncəsənət Xadiminin yubileyi Ankarada qeyd edilib
Ankara, 6 dekabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Ankarada Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Əflatun Nemətzadənin yaradıcılığının 50, anadan olmasının 70 illiyinə həsr edilən mərasim keçirib.
Mərasimdə Azərbaycanın və Türkiyənin rəsmi şəxsləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpusun, şəhər ictimaiyyətinin nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Ankara şəhərinin qubernatoru Məhmət Qılıncların təbrik məktubları oxunub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və başqaları Əflatun Nemətzadənin zəngin həyat və yaradıcılığından, nailiyyətlərindən danışıblar. Bildirilib ki, yubilyarın rejissorluq sahəsində əldə etdiyi uğurlar türk xalqlarının mədəni irisinin inkişafına və zənginləşməsinə böyük töhfə verib. Qeyd edilib ki, böyük istedada sahib olan Ə.Nemətzadə həmişə dünya şöhrətli sənətkarların əsərlərinə müraciət edib. Çıxışlarda, həmçinin onun Azərbaycanda və Türkiyədəki fəal ictimai fəaliyyətindən də söz açılıb.
Mərasimdə çıxış edən yubilyar ümummilli lider Heydər Əliyevin hər zaman yaradıcı şəxslərin əməyini yüksək qiymətləndirdiyini deyib. Ə.Nemətzadə bildirib ki, fəaliyyətinə verilən yüksək qiymət Ulu Öndərin əsasını qoyduğu bu ənənənin Prezident İlham Əliyev tərəfindən də davam etdirilməsinin bariz nümunəsidir.
Sonra türk dünyası qarşısında göstərdiyi səmərəli fəaliyyətinə görə Əflatun Nemətzadəyə TÜRKSOY-un yubiley medalı təqdim olunub.
Mərasim türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara