İQTİSADİYYAT
Azərbaycanın enerji resursları Qara dəniz elektrik halqasını yaratmağa imkan verəcəkdir
Bakı, 4 iyun (AZƏRTAC, Nihat Budaqov). Azərbaycan Respublikasının Rusiya ilə sərhədindəki elektrik təsərrüfatlarının birləşməsi və elektrik xətlərinin paralel rejimdə işlənməsi üzrə müqavilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev iyunun 4-də Bakıda keçirilən XXI Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransındakı çıxışında demişdir.
N.Əliyev bildirmişdir ki, bu müqavilə Rusiya ilə Azərbaycan arasında həm paralel rejimdə işləməyə, həm də ixrac-idxal əməliyyatlarını həyata keçirməyə imkan verir.
Nazir qeyd etmişdir ki, İran ilə də bu məsələlər həll olunmuşdur. “Parsabad 1” və “Pasabad 2” yüksək təzyiqli elektrik xətləri inşa olunmuşdur ki, bunun da nəticəsində Azərbaycanın ildə 200-300 meqavat elektrik enerjisini İrana ixrac etməsinə imkan yaranmışdır. Ötən ilin dekabrında isə Gürcüstanda Avropa İttifaqının köməyi ilə böyük bir elektrik stansiyası istifadəyə verilmişdir. Bu stansiya vasitəsilə Azərbaycanın elektrik enerjisi həm Gürcüstana, bu ildən isə həm də Türkiyəyə ixrac olunacaqdır. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına, ixrac əməliyyatlarının həyata keçirilməsinə və ölkəmizin Qara dəniz elektrik halqasını yaratmasına imkan verəcəkdir.