İQTİSADİYYAT
Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomu dərc olunub
Bakı, 6 may, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycan Memarlar İttifaqının 80 illiyi münasibətilə Azərbaycanın görkəmli memarlarına həsr olunmuş poçt markaları albomu dərc olunub.
AZƏRTAC xəbər verir ki, aprelin 6-da Azərbaycan Memarlar İttifaqında albomun təqdimatı keçirilib.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, təqdim olunan albomda Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, İosif Qoslavski, İosif Ploşko, Mikayıl Useynov, Ənvər Qasımzadə kimi tanınmış memarların fəaliyyəti barədə məlumatlar öz əksini tapıb. E.Qasımzadənin sözlərinə görə, bu sahədə işlər gələcəkdə də davam etdiriləcək. Əsas məsələ odur ki, gələcək nəsillər ölkənin memarlıq sənətində dərin iz buraxmış bu insanları unutmasınlar.
Poçt markaları hər bir ölkənin səyyar təbliğatçısı rolunu oynayır və bu həmin ölkənin tarixində qalacaq deyən E.Qasımzadə xatırladıb ki, bir il əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qarabağa həsr olunmuş markaların buraxılması da məhz bu məqsədə xidmət edib. Həmin markalarda Azərbaycanın dilbər guşələrindən biri sayılan Qarabağın 6 ən gözəl abidəsi əks olunub.
Tədbirdə qeyd olunub ki, son zamanlar Memarlar İttifaqı öz fəaliyyəti dövründə bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, abidələrin qorunub saxlanılması, elmi və memarlıq yaradıcılığı ilə bağlı təqdimatların keçirilməsi təşkilatın prioritet istiqamətlərindəndir.
“Azərmarka” MMC-nin direktoru İntiqam Bağırlı qeyd edib ki, Azərbaycan markaları respublika ilə bağlı məlumat daşıyıcısıdır. Markalar tarixi əhəmiyyətə malik olmaqla yanaşı, eləcə də, nadir və qiymətli kağız hesab edilir.
Bildirilib ki, təqdim olunan markalar rəsmi poçt dövriyyəsinə buraxılır. Bununla bağlı xüsusi poçt möhürü də hazırlanıb.