SİYASƏT
AZƏRBAYCANIN İKİNCİ DÜNYA MÜHARİBƏSİ VETERANLARI ABŞ SƏFİRLİYİNƏ MÜRACİƏT GÖNDƏRMİŞLƏR
Bakı, 25 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Veteranlar Şurasının yığıncağında II Dünya Müharibəsinin veteranları adından ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət qəbul olunmuşdur.
Müraciətdə vurğulanır ki, ABŞ Konqresinin Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, buradakı maddi və mədəniyyət abidələrini, təbii sərvətləri məhv edən separatçı Dağlıq Qarabağ rejiminə 2010-cu il üçün maliyyə yardımı ayırması veteranları məyus etmişdir.
Veteranlar hesab edirlər ki, ABŞ Konqresinin bu addımı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyini daha da möhkəmləndirəcəkdir. Ermənistan maliyyə yardımından siyasi məqsədləri üçün bəhrələnərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin müvafiq qətnamələrinin tələbləri əsasında həllini uzatmağa çalışır. Buna görə də ABŞ Konqresi separatçı rejimə maliyyə yardımı göstərmək əvəzinə, münaqişənin ədalətli şəkildə aradan qaldırılması üçün təsirli tədbirlər görməli və Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa çağırmalı idi.
Sənəddə deyilir: “İnana bilmirik ki, dünyada sülh və demokratiyanın dayağı hesab olunan və II Dünya Müharibəsində vətəndaşları bizimlə birlikdə faşizmə qarşı döyüşən, faşistlərin törətdikləri qeyri-insani əməllərin şahidi olan bir ölkənin - Amerika Birləşmiş Ştatlarının Konqresi, bu gün həmin əməlləri təkrar edən Ermənistanı himayə edə bilər. Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşdır, lakin Azərbaycana qarşı təcavüzkar mövqe tutmuş Ermənistana maliyyə dəstəyi göstərilir. Azərbaycanın müharibə veteranları Qafqaz regionunda münaqişələrin ədalətli həlli ilə bağlı dost ABŞ dövlətinə böyük ümidlər bəsləyirlər.
Biz ABŞ Konqresinin bu qərarına qəti etirazımızı bildiririk, onu işğalçı Ermənistanı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən separatçı rejimi mükafatlandırmaq kimi qəbul edirik. Yaxşı bilirik ki, bu yardım heç də sizin düşündüyünüz kimi, xeyirxah məqsədlərə deyil, bəd əməllərə yönəldiləcəkdir. Konqresin bu qərarı dünyada sülhün və demokratiyanın carçısı olan ABŞ və onun parlamentinə başucalığı gətirmir və yolverilməzdir”.
Səfirlikdən müraciətin ABŞ-ın müvafiq dövlət qurumlarına çatdırılması xahiş edilir.