İQTİSADİYYAT
Azərbaycanın İKT sektoruna 71,2 milyon manat investisiya qoyulmuşdur
Bakı, 2 avqust (AZƏRTAC). 2013-cü ilin birinci yarısında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisə və struktur bölmələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna yatırdığı investisiyaların həcmi 29,98 milyon manat olmuşdur.
RİTN-dən AZƏRTAC-a bildirmişlər ki, bu dövrdə Azərbaycanın İKT sektoruna, ümumilikdə, 71,2 milyon manat həcmində investisiya qoyulmuşdur.
İKT sektoru və poçt rabitəsi üzrə əldə edilən gəlirlərin 76,1 faizi özəl sektorun payına düşmüşdür. Bununla belə, gəlirlərin ümumi həcmindən 65,2 faizi mobil rabitənin payına düşmüşdür ki, bu da ötən ilin müvafiq dövr göstəricisini 8,4 faiz üstələmişdir.
Yanvar-iyun aylarının yekunlarına əsasən, İKT sektoru və poçt rabitəsi üzrə gəlirlərin həcmi 2012-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 10,5 faiz artaraq 756,8 milyon manat təşkil etmişdir.
Ötən dövrdə ölkənin telekommunikasiya sektoru üzrə real artım tempi 6 faiz, informasiya texnologiyaları sektoru üzrə 1,8 dəfə, poçt sektoru üzrə isə 11,7 faiz olmuşdur.