CƏMİYYƏT
Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovanın anadan olmasının 110 illiyi qeyd edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovanın anadan olmasının 110 illiyi münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində tədbir keçirilib. Tədbirdə akademiyanın professor-müəllim heyəti, tələbələri, həmçinin Leyla Məmmədbəyovanın ailə üzvləri iştirak ediblər.
Milli Aviasiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova L.Məmmədbəyovanın Azərbaycan aviasiya tarixinin yaranmasında və inkişafındakı yüksək xidmətləri haqqında geniş məlumat verib.
Daha sonra muzeyin fondunda təyyarəçi ilə bağlı mühafizə olunan bədii və sənədli filmlərdən götürülmüş süjetlər əsasında muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə 1934-cü ildə rejissor Mikayıl Mikayılovun Leyla Məmmədbəyovaya həsr etdiyi "İsmət" filmi barədə geniş məlumat verərək o dövrdə Azərbaycan qadınının taleyindən həyəcanla, eyni zamanda, iftixar hissi ilə danışan bu filmin təkcə sənət əsəri kimi deyil, həm də tarixi fakt kimi mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, U-2 tipli təyyarədə Azərbaycanın ən ucqar bölgələrinə uçuş edən L.Məmmədbəyova çox vaxt özü ilə "İsmət" filmini də apararaq əhali arasında aviasiyanı təbliğ edib.
Şöhrət ordenli təyyarəçi Əzimbala Əzimov L.Məmmədbəyova ilə bağlı öz xatirələrini bölüşüb.
Tədbir Sabunçu rayonunun 187 saylı məktəbinin şagirdlərinin ifasında Leyla Məmmədbəyovaya həsr olunmuş bədii kompozisiyanın nümayişi ilə davam edib.
L.Məmmədbəyovanın oğlu Xanlar Məmmədbəyov tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.
Sonda təyyarəçinin yubileyi münasibətilə hazırlanmış sərgiyə baxış keçirilib, iştirakçılara döş nişanı və bukletlər paylanıb.